×
A
A
A
Sazlamalar

31 mart – Azərbaycanlıların Soyqırımı Günü Belarusda qeyd olunub

Minsk, 29 mart, AZƏRTAC

Belarusun paytaxtı Minsk şəhərində 31 mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin Belarus Azərbaycan İcmaları Konqresi ilə birlikdə Belarusun Respublika Milli Mədəniyyətlər Mərkəzinin böyük zalında keçirdiyi anım mərasimi zamanı Mərkəzin foyesində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan, rus və ingilis dillərində kitablar və materiallardan ibarət sərgi nümayiş etdirilib.
Anım mərasimində səfirliyin əməkdaşları, Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresinin və Minskdə fəaliyyət göstərən “Qobustan” ictimai təşkilatının üzvləri, Belarusun Vitebsk, Babruyski, Polotsk və Kalinkoviç şəhərlərində yaşayan həmyerlilərimiz və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra iştirakçılar 31 mart soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov çıxış edərək XIX-XX əsrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı cinayətləri barədə mərasim iştirakçılarına geniş məlumat verib. O bildirib ki, 1813-cü ildə Rusiya ilə İran arasında imzalanmış Gülüstan, 1828-ci ildə imzalanmış Türkmənçay müqavilələrinin nəticəsi olaraq, əzəli Azərbaycan torpaqlarında erməni vilayəti yaradılıb və ermənilər İran və Türkiyədən kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülərək, nəticədə tarixi Azərbaycan torpaqlarında indiki Ermənistan dövləti yaradılıb. Torpaqlarımızda yerləşən ermənilər ilk gündən “böyük Ermənistan” ideyasını qarşılarına məqsəd qoyaraq xalqımıza qarşı etnik təmizləmə siyasətinə başlayıblar. Səfir 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında məlumat verərək bildirib ki, bunun davamı olaraq bolşevik bayrağı altında daşnak birləşmələri 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran və Qarabağ bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər və on minlərlə insanı evlərindən didərgin salıblar. Ermənilər Sovet İttifaqı dövründə də xalqımıza qarşı soyqırımı siyasətini davam etdirib, 1948-1953-cü illərdə hazırkı Ermənistan ərazisindən 300 minə yaxın azərbaycanlının deportasiya edilməsinə nail olublar. 1988-1989-cu illərdə xalqımıza qarşı başlanmış hərbi təcavüz nəticəsində bir milyondan çox soydaşımızı Ermənistandan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal olunmuş digər rayonlarından zorla qovublar. Səfir bildirib ki, bu cür faciə haqqında danışmaq çətindir, danışmamaq isə mümkün deyil.
L.Qəndilov xalqımızın başına bu qədər fəlakətlərin gətirilməsinin unutqanlığımızdan və uzun müddət milli dövlətçiliyimizin olmaması səbəbindən irəli gəldiyini bildirib. O qeyd edib ki, uzun illər beynəlmiləlçilik ideologiyası adı ilə xalqımızın qan yaddaşı unutdurulub. Diplomat gələcəkdə bu fəlakətlərin təkrarlanmaması üçün ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanmış 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Fərmanı böyük tarixi hadisə kimi qiymətləndirib. O əlavə edib ki, bununla da Ermənistanın beynəlxalq ictimaiyyəti aldatması prosesinə son qoyulub.
Səfir bildirib ki, bizim artıq güclü dövlətimiz və bu dövləti qoruya biləcək ordumuz var. Dövlətimizin və ordumuzun gücü bizə deməyə əsas verir ki, işğal olunmuş bütün ərazilərimiz yaxın vaxtlarda Azərbaycan dövlətinin nəzarəti altına qaytarılacaq.
Tədbirdə Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresinin üzvü Məzahir Yusifov və “Qobustan” cəmiyyətinin sədri Baxşı Qənbərov çıxış edərək xalqımızın başına gətirilən faciələrin təkrarlanmaması üçün xaricdə yaşayan soydaşlarımızı, xüsusən gənc nəslin nümayəndələrini baş verənləri dərindən öyrənməyə cağırıblar.
Tədbir zamanı iştirakçılara səfirliyin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hazırladığı press-reliz paylanılıb.
Sonda 31 mart soyqırımına aid “Bakı qırğını” sənədli filmi nümayiş etdirilib.
Səfirlik 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hazırladığı press-relizləri Belarusun Xarici İşlər Nazirliyinə və Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə göndərib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Qan yaddaşı 2018-03-29 10:18:00