×
A
A
A
Sazlamalar

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Bişkekdə mətbuat konfransı keçirilib

Bişkek, 28 mart, AZƏRTAC

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov mətbuat konfransı keçirib.
Diplomatların, yerli və xarici jurnalistlərin iştirak etdikləri mətbuat konfransında əvvəlcə soyqırımı ilə bağlı tarixi kadrları özündə əks etdirən videosüjet nümayiş etdirilib. İştirakçılara soyqırımı ilə bağlı 100 il əvvəl çəkilmiş fotosənədlər, eləcə də Quba Soyqırımı Memorial Kompleksini əks etdirən fotoşəkillərdən ibarət stendlər təqdim olunub.
Səfir Hidayət Orucov 1918-ci ilin Azərbaycanın tarixində xüsusi yer tutduğunu xüsusi vurğulayıb. O, həmin il müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və dövlət müstəqilliyinin elan edilməsi kimi əlamətdar hadisə ilə yanaşı, Azərbaycan xalqının gələcək mövcudluğunu sual altına alan qanlı hadisələrin baş verdiyini söyləyib. Bildirib ki, bu il Azərbaycan Prezidentinin sərəncamlarına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci ilin martında törədilmiş soyqırımının 100-cü ildönümləri ölkə daxilində olduğu kimi, xaricdə də geniş qeyd edilir.
Səfir 1918-ci ildə bir neçə gün ərzində bolşevik-daşnak silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yerlərində görünməmiş qəddarlıqlar törədildiyini bildirib. O qeyd edib ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Ermənilərin ölkəmizə təcavüzünün Azərbaycan xanlıqlarının Rusiya imperiyasına qatıldıqdan sonra başlaması, Gülüstan və Türkmənçay müqavilələrindən sonra 1829-1830 illərdə ermənilərin İrəvan, Qarabağ və Naxçıvana köçürülməsi, bu ərazilərdən azərbaycanlıların sıxışdırılması və onların məhv edilməsi barədə geniş məlumat verilib, Azərbaycan ərazilərinin işğalı üçün xaricdə erməni təşkilatlarının yaradıldığı bildirilib.
Mətbuat konfransında “böyük Ermənistan” yaratmaq xülyası ilə ruhlanan erməni qəsbkarlarının 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdiklərindən, Bakı, Zəngəzur, Şuşa, İrəvan, Naxçıvan, Cavanşir, Gəncə və Cəbrayılda qırğınlar törədilməsindən bəhs olunub. 1918-ci ildə Bakı, Şamaxı, Quba, Lənkəran və Muğanda 50 mindən çox azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi, evlərinin talan olunduğu, 10 minlərlə insanın doğma yerlərindən qovulduğu vurğulanıb. Şamaxıda 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, İrəvanda 211 kəndin yerlə-yeksan edildiyi, Zəngəzurda 115 kəndin əhalisinə divan tutulduğu nəzərə çatdırılıb.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurasının 15 iyul 1918-ci il tarixli qərarı ilə bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılıb. 1919-cu və 1920-ci ilin 31 mart tarixi AXC tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bunun azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinə, eləcə də torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olduğu, AXC-nin süqutu ilə bu iş başa çatmasa da, komissiyanın istintaq sənədlərinin böyük tarixi və siyasi əhəmiyyətə malik olduğu vurğulanıb.
Səfir İrəvanın ermənilərə verilməsindən, 1918-1920-ci illərdə həmin torpaqlarda azərbaycanlıların kütləvi surətdə qətlə yetirilməsindən və öz ata-baba yurdlarından qovulmasından da danışıb.
Diqqətə çatdırılıb ki, Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Böyük Vətən müharibəsindən sonra, 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni Ermənistana köçürülüb. Diplomat sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi üçün ermənilərin SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olduqlarını diqqətə çatdırıb. 1988-ci ildən başlanan Dağlıq Qarabağ münaqişəsinin siyasi köklərinin yüz illik tarixə əsaslandığı vurğulanıb.
Hidayət Orucov uzun illər keçdikdən sonra, 2007-ci ildə inşaat işlərinin aparılması zamanı Quba şəhər stadionunda aşkar edilmiş kütləvi məzarlığın 1918-ci ildə azərbaycanlıların kütləvi qırğınları barədə yeni faktları üzə çıxardığını bildirib, aparılan araşdırma və tədqiqatların faciənin qəddarlıqla həyata keçirildiyini təkzibolunmaz faktlarla sübut etdiyini diqqətə çatdırıb. Diplomat ermənilərin cinayətkar əməllərinin dünyaya çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin məzarlıqda Soyqırımı Memorial Kompleksinin yaradıldığını vurğulayıb.
O deyib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra məxfi saxlanılan bir çox faktın və qadağa qoyulmuş mövzuların açıqlanması nəticəsində əvvəllər təhrif olunmuş hadisələrin düzgün qiymət almasına şərait yaranıb.
Bildirilib ki, Ermənistanın siyasi rəhbərliyi hər zaman millətçilik xəttini dəstəkləyir. Dövlətin sırf faşist yönümlü təşkilatlar yaradaraq Qaregin Njde və onun kimiləri qəhrəman kimi təbliğ etməsi, onlara heykəllər ucaltması bunu bir daha sübut edir.
Sonra səfir jurnalistlərin suallarını cavablandırıb.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Qan yaddaşı 2018-03-28 22:36:00