×
A
A
A
Sazlamalar

Tədqiqat: 100 il əvvəl axıdılmış bir qanın izi ilə

1918-ci il Şamaxı soyqırımı zamanı qətlə yetirilən Rusiya Dövlət Dumasının deputatı Məhəmmədtağı Əliyev haqqında indiyədək məlum olmayan həqiqətlər

Bakı, 28 mart, AZƏRTAC

  Beynəlxalq Terrora və Korrupsiyaya Qarşı Mübarizə Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlu Şamaxı soyqırımı zamanı qətlə yetirilmiş Rusiya Dövlət Dumasının deputatı Məhəmmədtağı Əliyevin həyat və fəaliyyətini araşdırıb, onun barəsində
indiyədək məlum olmayan faktları üzə çıxarıb. AZƏRTAC tədqiqatçının bu araşdırmaların nəticələri barədə yazısını təqdim edir.
Mən bu yerlərə qədim daş parçalardan hansı birindəsə 100 il öncə laxtalanıb qalmış bir damcı qanı tapmaq üçün gəlmişdim. Tarixə çevrilmiş bu daşların sinəsində gizlənmiş həmin qan ləkəsini oxumaq istəyirdim. Çünki bəlkə də bu, mənim üçün hələ çoxlarının eşidə bilmədiyi “Azərbaycan simfoniyası”nın özü idi, başlanğıcı idi. Mənə qalsa, tariximi bu qan damcısı ilə başlardım. 
1918-ci ilin mart günlərində Şamaxının altını üstünə çevirən erməni Stepan Lalayanın “döyüş mirzələri”ndən olan Qavri Baxçaçiyan yazırdı: “...Lalayanın əsgərləri onu döyə-döyə meydanın ortasına sürüdülər. Sonra ağaca bağlayıb, başına saxsı qab keçirdilər. Qəhrəmanım Stepan günlüklü şapkasını başına qoyub, yaxın gəldi. Ağaca bağlanmış adamı diqqətlə süzərək, - hə, cənab deputat, – dedi, - erməni millətini söymək olmaz. Sən isə söyürdün. Gah Kremldə, gah Fransada, gah Almaniyada dişinin dibindən çıxanı ünvanımıza dedin. İndi buyur, danış. Bizim nəyimiz pisdir?.. Əsgərlərim səni gözləyir. De ki, mən də erməniyəm, sizlərdənəm. Allahıma, Quranınıza and olsun, mən deyənləri təkrarla, səni buraxım... Deputat isə bizim millətə lənət yağdırırdı. Güllə açıldı. Ətrafa qan damcıları çiləndi. O isə can vermirdi. Yaralı canını dişinə tutub, yaşamaq istəyirdi”...
Bax, mən bu yerlərə haradasa bir parça torpağınmı, daşların, ağacların üstündəmi gizlənib qalan, yüz ilin şaxtasına, boranına dözüb yol gözləyən bir damcı qanın axtarışına gəlmişdim. Onun sorağında Şirvan elini başdan-başa gəzib dolandım. Qədim qəbiristanlıqlarda bir yanı üstə düşüb qalan, üstünü mamır basmış sinə və baş daşlarına, nəzərdən düşən, çöküb batan, ətrafını kol-kos bürüyən qəbirlərə baxdım, gediş-gəliş olmadığı üçün ot-ələf basmış cığırlardan keçdim... dost-tanışdan soruşdum. Çox arayıb-axtardım, amma “bildim” deyən, “gördüm” deyən olmadı.
Şirvan əhli özünün Rusiya Dövlət Dumasına seçilmiş ilk azərbaycanlı deputatını, millət vəkilini tanımadı. O deputatı ki, sağlığında adı dillərdən düşmürdü, ən yüksək kürsülərdən erməni separatizmini, erməni başbilənlərini ittiham edirdi. Azərbaycanın başına min bir “hiylə toru” hörən, kəndləri viran qoyan, uşaqları, qocaları, bütöv ailələri, nəsilləri qırıb çatan erməni terror dəstələrinə, cinayətkar qruplarına qarşı amansız idi və hədələrdən qorxub çəkinmirdi.
Xalqın öz qəhrəman övladını tanımamasının əsas təqsiri, ilk növbədə, biz ziyalıların, tarixçilərin, tədqiqatçıların üzərinə düşür və vaxt itirmədən bu boşluğu necə doldurmaq haqqında fikirləşməliyik.
Kimdir Məhəmmədtağı Əliyev, o, Vətəni və xalqı üçün nə işlər görüb?
Kiçik arayış: Əliyev (zadə) Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu 1858-ci il yanvarın 10-da Şamaxıda, kənd müəlliminin ailəsində doğulub. İctimai-siyasi xadim, iqtisadçı alim, publisist kimi fəaliyyət göstərib. Birinci Dövlət Dumasına (1906) Azərbaycandan seçilən ilk deputat olub. 1918-ci il martın 25-də Şamaxıda erməni quldur dəstələrinin başçısı Stepan Lalayan tərəfindən qəddarcasına öldürülüb, ailəsinə divan tutulub.
Araşdırma materiallarına görə, ilk təhsilini Şamaxı məhəllə məktəbində alıb, dörd ilə (1864-1868) həmin məktəbi bitirib. Sonra atası onu Tiflisə aparır. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altı illik məktəbdə təhsilini davam etdirir (1868-1874). Tiflisdən qayıtdıqdan sonra, daha dörd il (1874-1878) Bakı realnı məktəbində oxuyur. M.Əliyev ağıllı və qabiliyyətli olduğu, hadisələrə fərdi və daha məqsədyönlü, düşüncəli yanaşdığı üçün, o vaxt realnı məktəbdə dərs deyən, ixtisasca iqtisadi məsələləri araşdıran Boris Eynşteynin təşəbbüsü ilə Moskvaya oxumağa göndərilir. Orada təhsilini tamamladıqdan sonra ona Moskvada qalmağı, Petrovsk-Razumovsk kənd təsərrüfatı və meşəçilik akademiyasında təhsilini davam etdirməyi məsləhət bilirlər. Bir neçə ildən sonra həmyerlimiz akademiyanın həmişə diqqətdə olan iqtisadiyyat fakültəsini bitirir.
Akademiyanın ovaxtkı rəhbərlərindən olan professor Dmitri İvanoviç Aleksandrov onun haqqında çar Rusiyasının “siyasi şöbəsinin” sorğusuna 1879-cu ildə verdiyi cavabda yazırdı: “...Sizin maraqlandığınız tələbəmiz milliyətcə türk olan, Azərbaycandan gəlmiş Məhəmmədtağı Əbdülsəməd oğlu Əliyev çox istedadlı, vicdanlı və ədalətli insandır. O, çalışqan bir tələbə olmaqla yanaşı, akademiyanın işlərində bizə yaxından kömək göstərir. Onun ciddi iqtisadi layihələri var və bu layihələr, şübhə etmirəm ki, Rusiya üçün çox əhəmiyyətlidir”.
Həmin layihələrin birində Məhəmmədtağı Əlizadə qeyd edirdi: “...Mən sadəcə təhlillərimin nəticələrini anlatmaq fikrindəyəm. Yer üzündə nə qədər insan həyatı varsa, orada həmişə iqtisadi böhran ola bilər və heç bir dövlət bu böhrandan kənarda qala bilməz. Təkliflərimdən biri belədir ki, çaylar və dənizlər, göllər arasında iqtisadi körpülər qurulsun. Məsələn, Xəzər dənizini Qara dənizlə, Aralıq dənizi ilə birləşdirmək mümkündür. Ümumiyyətlə, üç dənizi birləşdirmək mümkündür. Belə olarsa, üç dəniz arxasında yaşayan Avropa, Asiya camaatı gələcək iqtisadi fəlakətlərdən nicat tapmış olar”.
İrəli sürülən bu ideya həm o dövr üçün, həm də ictimai-siyasi mühiti getdikcə mürəkkəbləşən Rusiya üçün çox vacib bir məsələ idi. Nəticədə Məhəmmədtağı 1880-ci il aprelin 14-də çar Rusiyasının İqtisadi məsələlər üzrə məxfi idarəyə (İqtisadi Kəşfiyyat İdarəsi) çağırılır və ona idarənin rəisi general O.D.Ponteleyevin təklifini çatdırırlar. Akademiyanı yenicə bitirən Məhəmmədtağı Əliyev çar Rusiyasının Avropa ölkələri üzrə iqtisadi əlaqələrinin kəşfiyyat və məxfilik prinsipləri nöqteyi-nəzərindən yenidən qurulması layihəsini təklif edir. Çünki həmin vaxt dünyanın iqtisadi məkanında Rusiya qədər çətin vəziyyətdə qalan ikinci dövlət yox idi. İqtisadi böhran Rusiyanı sarsıdırdı. Belə ki, hər il ölkədən qeyri-qanuni, gizli yollarla təqribən 50-100 ton qızıl və digər qiymətli metal məmulatları, brilyant daş-qaş aparılır, orduda və elmdə kəşf olunmuş və istehsalı nəzərdə tutulan qiymətli preparatların və silahların layihələri, sxemləri oğurlanırdı. Bütün bunların qarşısını almaq üçün Məhəmmədtağı Əliyev tərəfindən irəli sürülən təkliflər öz bəhrəsini verirdi. 1881-ci ilin fevralında o, ideyalarını, fikir və düşüncələrini, iqtisadi bilik və bacarığını təkmilləşdirmək üçün Avropaya göndərilir. Bir müddət Fransa və Almaniyada çalışır, həmin ölkələrin iqtisadiyyat akademiyalarında dərs deyir, araşdırmalar aparır, Rusiya-Fransa, Rusiya-Almaniya iqtisadi münasibətlərinin inkişafında diqqət çəkən xidmətlər göstərir.
Zənnimcə o, həmin vaxt çox qəribə bir tale yaşayırdı. Bir vaxt doğulub, boya-başa çatdığı Şamaxının ziyarətinə Fransadan məşhur yazıçı, filosof Aleksandr Düma (ata) gəlmişdi (1858-ci il). Səfər təəssüratlarını bölüşən Düma yazırdı: “Biz Şamaxı bazarında gəzərkən fransız dilində danışan çoxlu adam gördük. Bu, bizə çox xoş təsir bağışladı. Bildik ki, bu şəhər təkcə Şirvanda deyil, bütün Qafqazda məşhurdur”. Yaxud 1636-cı ildə məşhur almaniyalı səyyah, alim-tədqiqatçı Adam Olsari Şamaxı haqqında belə yazmışdı: “Şamaxıda hər addımda müdrik və ağıllı adam görürdük. Adamlar onlara çörək verənin əlindən iki əlli yapışır. Şamaxının belə olması, məni heyrətləndirdi”.
Məhəmmədtağı Əliyev indi həmin dahilərin yurduna ezam olunmuşdu. Fransız, alman və rus dillərini mükəmməl bilən şamaxılı Məhəmmədtağı bu dəfə dahilərin - A.Dümanın və A.Olsarinin vətənlərini gəzirdi. İndi söz demək və təəssürat bildirmək növbəsi ona yetişmişdi. Həmin vaxt Parisdə nəşr olunan “İqtisadiyyat və Maliyyə Agentliyi” (“Agence Economigue et financiere”) bülleteni belə bir xəbər yaymışdı: “Fransanın şəhər və qəsəbələrini iqtisadi böhran bürüməkdədir. Parisdə dünyanın tanınmış iqtisadçılarından ibarət “Beynəlxalq İqtisad qrupu” yaranıb. Dünən Rusiyadan gəlmiş akademik iqtisadçı M.Əliyevin fikirləri bəyənilib”.
Araşdırdığım materiallara görə, M.Əliyev üç ay Strasburqda (Fransa) yaşayıb. Vaxtilə Bakıdan köçüb gedən erməni zərgəri, Stanislav Ter-Akopyanın evində qalıb. “Strasburqa yardım komissiyası”na başçılıq edən qrupda Rusiya nümayəndəsi kimi çalışıb. Həmin vaxtlarda Rusiya məxfi iqtisadi məsələlər idarəsi erməni S.Ter-Akopyandan məktub alır. O, general Ponteleyevə aşağıdakı məzmunda məktub ünvanlamışdı: “Cənab general! Sizin əmrinizdən çıxa bilmədim. Göndərdiyiniz Əliyev burada Rusiyanın mənafelərindən çox, doğulduğu Şamaxının mənafelərinə xidmət edir. O, Rusiya imperatorluğunu bəyənmir. Rus millətinə qarşı fikirləri dumanlıdır...”.
Araşdırmalar göstərir ki, azərbaycanlı akademik M.Əliyev Strasburqun “Seçilmiş adamları siyahısı”na daxil edilmişdi (bu, təxminən “Strasburqun fəxri vətəndaşı” kimi bir ad idi - R.N.). Lakin buna baxmayaraq, Rusiya onu iqtisad qrupundan çıxarıb Almaniyaya göndərir. Bu ərəfədə M.Əliyevin “Fransanın əraziləri arasında iqtisadi əlaqələrə dair fikirlər” kitabı fransız dilində çap olunur. Paris İqtisad Akademiyasında müzakirəsi nəzərdə tutulan həmin əsərlə bağlı yığıncaq təxirə salınır. M.Əliyev Fransa ilə vidalaşmalı olur və bu dəfə Almaniyanın İqtisad Akademiyasına məruzələr oxumaq üçün göndərilir.
Yüksək intellekt səviyyəsi, bilik və bacarığı ilə sayılıb-seçilən M.Əliyev çox keçmədən Rusiyaya çağırılır və ona ölkənin maliyyə nazirinin müavini vəzifəsi tapşırılır. Rusiya imperiyasının maliyyə naziri S.Rixten şamaxılı M.Əliyev haqqında həmişə yüksək fikirlər söyləsə də, onun yenilik yaradan iqtisadi analitik təhlillərini ya qəbul etmir, ya da onlara şübhə ilə yanaşırdı.
1888-ci ildə M.Əliyev vəzifəsindən istefa verərək, Azərbaycana qayıdır. Bir müddət müsəlman dünyasının ziyarətinə çıxır. Avropanın ən qabaqcıl ölkələrini keçib gələn Məhəmmədtağı İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Küveyt, Suriyə, Əfqanıstan, Pakistan, Hindistan... kimi qədim yerləri gəzir. Həmin ölkələrdə bir sıra dəyərli, diqqət çəkən elmi–iqtisadi kitablar və məqalələr yazıb çap etdirir. Bu vaxt dünya miqyaslı elmi araşdırmalar aparan akademik M.Əliyev artıq iqtisadi məsələlərlə bağlı səkkiz kitabın müəllifi idi. Amma tale onu yenidən Rusiyaya çəkib apardı...
Məhəmmədtağı Əliyev 1906-cı ildə Şamaxı qəzasından Rusiyanın birinci Dövlət Dumasına deputat seçilir və bununla da həyatında yeni bir ictimai-siyasi səhifə açılır. O, özünün yeni bir tarixini yazırdı. Amma bu tarixin son səhifələrindən xəbərsiz idi. Rus imperiyasının başında dayanan çar II Nikolay üçün Qafqaz, xüsusən Azərbaycan çox incə və həssas bir məsələ idi. Bu yerlərdə tez-tez törədilən qırğınlar, süni və məqsədli şəkildə yaradılmış müharibə və qarşıdurmalar hamını çaşdırmışdı.
1905-ci il dekabrın 11-də Rusiya Dövlət Dumasına seçkilər haqqında yeni qanun nəşr olundu. Seçki hüquqlarının genişləndiyini bəyan edən bu qanun fəhlələrə qismən, kəndlilərə cüzi seçki hüquqları verilməsini nəzərdə tuturdu. Rusiyanın ucqarları sayılan Azərbaycan quberniyaları da Dumada təmsil olunmaq hüququ qazandı. Birinci Dövlət Duması 1906-cı il aprelin 27-də fəaliyyətə başladı.
Dumada təmsil olunmuş ən qatı müxalifətçi siyasi qurum olan Kadetlər Partiyası idi. Onlar fəal seçkiqabağı təşviqat və əhalinin əksər təbəqələrinin mənafeyini mövcud şəraitdə çox dolğun əks etdirən platformalarını geniş təbliğ etmək hesabına seçkilərdə qalib gəlmişdilər. Kadetlər “Rusiyanın birliyinə və bölünməzliyi”nə yalnız sözdə tərəfdar olduqlarını söyləmir, həm də buna nail olmaq yollarını hər vasitə ilə asanlaşdırmağa can atırdılar. Hökuməti güc tətbiq etməkdə təqsirləndirərək bildirirdilər ki, “süngülər və güllələrlə Rusiyanın birliyinə nail olmaq olmaz” və “hər bir xalqın adət-ənənələrinə, dilinə və dininə” hörmətlə yanaşılmalıdır. Bu xalq azadlığı partiyası daha sonra seçiciləri inandırırdı ki, özünəməxsus milli həyat sürən bütün yerlərdə geniş özünüidarənin, muxtar quruluşun, “ümumi, pulsuz, məcburi təhsilin” və s. tərəfdarıdır. Bütün bunlar müsəlman ucqarlarında, o cümlədən də Azərbaycanda bütün sosial təbəqələrin nümayəndələri üçün kifayət qədər cəlbedici idi.
Amma bütün bunlarla yanaşı, Şamaxı səksəkə içində idi. Hər gün ən azı iki-üç nəfər erməni gülləsinə tuş gəlirdi.
Rusiya Dövlət Dumasına seçilən Məhəmmədtağı Əliyev deputat səlahiyyətindən istifadə edərək, Duma kürsüsündən ilk müraciətini edir. O, erməniləri silahı yerə qoymağa, insanlığa və vicdana yaraşmayan ləyaqətsiz əməllərdən əl çəkməyə, Azərbaycan torpaqlarında onlara yaradılmış əvəzsiz şəraitdən istifadə edərək sülh və əmin-amanlıq içində yaşamağa çağırırdı. Ermənilər isə öz anti-Azərbaycan tədbirlərini genişləndirməkdə davam edirdilər. Erməni deputatı S.M.Davidyan 1906-cı il martın 4-də azərbaycanlı deputat M.Əliyevə xəbərdarlıq məktubu göndərir, onu çıxışlarından əl çəkməyə çağırır. Dumanın sədrindən tələb edir ki, Yelizavetpol (Gəncə) quberniyasının “siyasi idarəsi”nin əməkdaşı Madlen Qriqoriyeviçi dinləsinlər. Həqiqəti ancaq o deyə bilər. Onun bu sahədə xüsusi arayışı var.
Madlen Qriqoriyeviçə gəlincə, onun bir tərəfi çar Rusiyasında, sərhəd qoşunları komandanlığında çalışan general O.D.Ambartsumova gedib çıxırdı. Daha dəqiq desək, onun qardaşı qızı ilə ailə qurmuşdu. Maraqlı idi ki, Dumanın sədri Paşkov Madlen Qriqoriyeviçə arayışı oxumağa imkan yaradır. Dumada oxunan arayışdan sonra mayın 5-dən 6-na keçən gecə Şamaxıda iki ruhani ailəsinə sui-qəsd edilir. Onlardan biri məhz Dumanın deputatı Məhəmmədtağı Əliyevin əmisi Kərbəlayi Əhmədağa Əli oğlunun ailəsi idi.
Araşdırma materiallarına görə, M.Əliyev Qafqazda cərəyan edən hadisələr haqqında əsl həqiqətləri II Nikolaya dostu, İqtisadi Kəşfiyyat İdarəsinin başçısı olmuş, sonradan imperator dəftərxanasında səlahiyyət sahibi olan Oleq Ponteleyevin yardımı ilə çatdırmağa müvəffəq olur. Bundan cəmi iki gün sonra Dumanın sədri Paşkov öz səlahiyyətlərindən uzaqlaşdırılır və “...hərəkətləri nəzarətə götürülür”. Bütün məsələlərın arasında ən dəyərli məlumat bu idi ki, general O.Ponteleyev keçmiş dostuna – M.Əliyevə “...nəyin bahasına olursa-olsun, onu – Dövlət Dumasının azərbaycanlı nümayəndəsini imperator II Nikolayla görüşdürməyə söz vermişdi”. Bu, dövrü və zamanı üçün, milli maraqlar baxımından çox vacib və gərəkli bir məsələ idi. Lakin təşəbbüs baş tutmadı. 1906-cı il mayın 14-də general O.Ponteleyev öz iş otağında şərabla zəhərlənib öldürüldü.
Birinci Dövlət Duması az yaşadı. Lakin Azərbaycan tərəfi bu məhdud vaxtdan istifadə edərək, dünyanın aparıcı dövlətlərinin Moskvadakı diplomatik korpuslarına, beynəlxalq cəmiyyət və təşkilatlara xatırlatdı ki, Azərbaycan Qafqazda ən güclü və nüfuzlu ərazidir. Onun müharibə ilə, qırğınlarla, terror və basqınlarla heç bir işi yoxdur...
Duma buraxıldıqdan sonra Məhəmmədtağı Əliyevin dostları məsləhət bildilər ki, Moskvada qalsın, akademik kimi iqtisadi-elmi araşdırmalarını davam etdirsin. O isə Şamaxıya qayıtdı.
Akademik M.Əliyev bilirdi ki, ermənilər gündən-günə öz qanlı fəaliyyətlərini genişləndirməkdə davam edirlər. Əlavə olaraq Şamaxıya 36 erməni ailəsi köçürülmüşdü. İlkin məlumata görə, onlar İrandan gəlmiş ermənilər idi... Onu da bilirdi ki, bu köçürmələrin arxasında Rus imperiyasında bu işlərə məsul olan İnsaf Sarıcanyan adlı birisi və onun qrupu dayanırdı. Bakı onların önündə aciz qalmışdı. Əksinə, köçürülən erməni ailələrinə ən yaxşı torpaq sahələri verilir, işlə, yemək və geyimlə təmin olunurdular...
Rusiyada 1917-ci ilin fevralında baş verən ictimai-siyasi hadisələr Azərbaycana həm iqtisadi, həm mənəvi-psixoloji, həm də ictimai-siyasi cəhətdən təsirsiz ötüşmədi. Azərbaycanın, demək olar ki, bütün yaşayış məntəqələrində həyat öz axarından çıxdı. Fevral inqilabı təkcə inqilabı deyil, həm də kiçik müharibə meydanlarını xatırladırdı. Moskvalı dostları akademik M.Əliyevə xəbər göndərmişdilər ki, Moskvada Azərbaycan üçün böyük bir bəlanın planı hazırlanır və məsləhət görürdülər ki, o, Moskvaya qayıtsın. Amma doğulduğu, boya-başa çatdığı Şamaxıdan çıxmayan akademik gözlənilən böyük qanlı qırğınların ilk işartısını görürdü. Bu qırğınların körüyünü basan əllər isə görünmürdü. “Dirijor” artıq öz çubuğunu qaldırmışdı. Bu gözə görünməz dirijor çubuğunun işarəsi ilə ermənilər açıq-aşkar hücuma keçirdilər. Onlar Şamaxının ayrı-ayrı məhəllələrində yığıncaqlar düzəldir, şəhərdəki ziyalı ailələrinə gözlənilməz basqınlar edirdilər. Martın 19-dan 20-nə keçən gecə isə Şamaxıda erməni Rum İsakoviç qonşusu dəmirçi Əlibala Quluzadənin iki qızını ov tüfəngi ilə vurub öldürdü...
1917-ci il fevralın 13-də fransız iqtisadçı alim Jak De Paskual Şamaxıya gəlir, M.Əliyevi Fransaya aparmaq üçün rəsmi qaydada dəvətli olduğunu bildirir. Fransız alimi Məhəmmədtağı Əliyevin Parisdə nəşr olunmuş “Dünya iqtisadiyyatındakı böhran və onun səbəblərinin araşdırılması” kitabının redaktoru idi.
Ürəyi doğma torpağa bağlı olan M.Əliyev Fransaya getmək dəvətindən də imtina edir, Şamaxıda yaşamağı, burada ölməyi hər şeydən üstün tutur. Gecələrin birində, daha doğrusu, məlumata görə, 1918-ci il yanvarın 10-da onun ad gününü təbrik etməyə gələn, el-obada Şeyx Şamaxı kimi tanınan din xadimi Şeyx Məcid Axundoğlundan xahiş edir ki, Şamaxıda “...qanı coşan azərbaycanlı balalardan ibarət” döyüş dəstələri (partizan dəstələri - R.N.) yaratsın. Başqa xilas yolu görünmədiyindən Şeyx bu təklifi qəbul edir.
Ad günündən heç bir ay ötməmiş, toplu-tüfəngli ermənilər Şamaxıya soxuldular. Bu, qəfil hücum idi. Hər yer od tutub yanırdı. Kimisi qaçır, kimisi əldə-ayaqda qalan uşağını axtarır, kimisi yanan evini söndürməyə cəhd edir, kimisi də aldığı güllə yarasından can verirdi...
Şamaxı yanırdı. Erməni quldur dəstəsinə başçılıq edən Stepan Lalayanın əmri ilə müsəlman ailələrinə divan tutulurdu. Yol-yolaq, dönüm-döngələr qana bələndi... Cani Stepan Lalayanın “qəhrəmanlıqlarını” gələcək erməni nəsilləri üçün qələmə alan bədnam erməni mirzəsi Baxçaçiyan yazırdı: “...əvvəlcə Stepan əmr etdi ki, Duma deputatı Məhəmmədtağı Əliyev diz çöksün... O isə diz çökmədi. Stepanın işarəsilə birinci gülləni onun övladlarına vurdular. İki qızı öldürüldü. Böyük oğlu da güllələndi. Kiçik oğlu isə həmin vaxt tapılmadı... Lalayanın əsgərləri M.Əliyevi döyə-döyə meydanın ortasına sürüdülər. Sonra onu ağaca bağlayıb, başına saxsı qab keçirdilər... Güllə açıldı. Ətrafa qan damcıları çiləndi...”.
O, yaşamaq istəyirdi. Hələ görüləsi çox işi vardı. Bəlkə də məşhur “Şirvan şikəstəsi” həmin gün yaranıb. Akademik, Rusiya Dövlət Dumasına seçilən ilk azərbaycanlı deputat, şamaxılı Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu Əliyev öldürülən gün...
Araşdırma materiallarına görə, Şamaxını qan gölündə boğmağa çalışan, günahsız və silahsız insanlara qarşı qırğınlar törədən, dövlət xadimlərini terror edən DRO terror təşkilatının Bakı bürosunun üzvü Stepan Lalayan ingilis generalı Tomsonun əmri ilə 1918-ci il noyabrın 21-də həbs olunur... əlüstü mühakimə edilərək, Gəncə həbsxanasına göndərilir. Arxiv materiallarına görə, S.Lalayan noyabrın 23-də Gəncə həbsxanasında ürək çatışmazlığından ölür.
Başqa bir arxiv materialında isə qeyd olunur ki, S.Lalayan noyabrın 27-də Gəncə həbsxanasından ingilis generalı Tomsonun məxfi planı əsasında qaçırılır, xaricə aparılır. Bəzi məlumatlara görə, S.Lalayan ingilis generalı Tomsona Şamaxıda qarət etdiyi qızıl və başqa zinət əşyalarını, qədim Şamaxı xalçalarını “hədiyyə” edir. Digər mənbələrə görə isə general Tomsona verilmiş xəzinənin bir hissəsi Böyük Britaniyanın kral ailəsinə bağışlanıb. 1918-ci il Azərbaycanda baş verən bu qırğınları araşdıran keçmiş İttifaqın Baş Kəşfiyyat İdarəsinin polkovniki Yuri Vasilyeviç Popov xatırladır ki, İngiltərə kraliçasının bu gün də istifadə etdiyi zinət əşyaları həmin xəzinədəndir.
Maraqlı məlumatlardan biri də budur ki, o vaxt Xorasanda vərəqə şəklində buraxılan “Ostan” qəzeti yazırdı: “Şamaxıda 1918-ci ildə ermənilər bizim tacirləri soyub taladılar, mallarını əllərindən alıb özlərini də öldürdülər. Həmçinin Misir, Rusiya, Əfqanıstan, Hindistan və digər ərəb ölkələrindən gələn karvanlara da hücumlar edilirdi”.
Lalayanın ələ keçirdiyi qənimətlərdən də söhbət açan qəzet yazır ki, ermənilər həmin vaxt Şamaxıya gələn ingilislərə, italyanlara, fransızlara 124 kilodan çox zərgərlik məmulatı, çoxlu qızıl külçə, 2500-dək qədim xalça satdılar.
Lalayan Şamaxıda vaxtilə onların qonşuluğunda yaşayan Mahmudovlar, Talıbovlar, Həsənovlar ailəsini nəsillikcə qırıb məhv etdi. On bir yəhudi ailəsini isə öz evlərində, azərbaycanlı uşaqlarla bir yerdə diri-diri yandırdılar.
Bax, mən bu yerlərə ətrafa çilənmiş bir damcı qan üçün gəlmişdim. Yüz ilin qanı üçün... Həmin qanı tapa bilməsəm də, arxivləri araşdırıb 1918-ci il Şamaxı soyqırımı zamanı qətlə yetirilən Rusiya dövlət dumasının deputatı Məhəmmədtağı Əliyev haqqında indiyədək məlum olmayan bəzi həqiqətlərə işıq sala bildim.
 

31 mart 2018-03-28 12:49:00