×
A
A
A
Sazlamalar

ADU-da tədbir: “Beynəlxalq ictimaiyyətdə 31 mart soyqırımı həqiqətləri: problemlər və perspektivlər”

Bakı, 27 mart, AZƏRTAC

Martın 27-də Azərbaycan Dillər Universitetində (ADU) regionşünaslıq kafedrası, fəlsəfə və İctimai elmlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq ictimaiyyətdə 31 mart soyqırımı həqiqətləri: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva XX əsrin əvvəllərinin Azərbaycan tarixində önəmli hadisələrlə zəngin olduğunu bildirib. O deyib: “1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eyni zamanda, Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımı törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib”. S.Əliyeva ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 martın dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu, bütün faciə qurbanlarının xatirəsinin yad edildiyini vurğulayıb.
Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “31 mart soyqırımının təbliği istiqamətində mövcud problemlər və perspektivlər” mövzusunda slayd təqdim edərək dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin əhəmiyyətindən danışıb. O, mart soyqırımının təbliğinin uzun illər gizli saxlanılan həqiqətlərin üzə çıxmasında vacib rolunu qeyd edib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.

31 mart 2018-03-27 16:30:00