×
A
A
A
Sazlamalar

Ankarada Xocalı abidəsi ucaldılacaq

Bakı, 27 mart, AZƏRTAC 

Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) və Yeniməhəllə Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində Ankaranın ən böyük məhəllələrindən biri olan Yeniməhəllədə Xocalı soyqırımı abidəsi ucaldılacaq və buradakı parklardan birinə “Xocalı” adı veriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyəti üzvlərinin Yeniməhəllə Bələdiyyəsinin sədri Fethi Yaşarla görüşündə razılıq əldə olunub.
Görüşdə son vaxtlar Türkiyədə Azərbaycan həqiqətlərinin daha çox təbliğ olunması və Xocalıda 26 il əvvəl yaşanan insanlıq dramı ilə əlaqədar müxtəlif formatlı tədbirlərin həyata keçirilməsi, Türkiyənin əksər bələdiyyələri tərəfindən bu istiqamətdə fəaliyyətlərə geniş yer verməsi barədə danışılıb, bunun iki qardaş ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsində vacibliyi qeyd olunub. Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyətinin üzvləri bu kimi fəaliyyətlərin iki ölkə arasında əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, ortaq problemlərimizin birgə həlli üçün mühüm rol oynadığını vurğulayıb.
Yeniməhəllə Bələdiyyəsinin sədri Fethi Yaşar belə görüşlərin müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib. O, sözügedən məsələnin bələdiyyənin aprel ayı üçün nəzərdə tutulmuş planlarına daxil edilməsi ilə bağlı göstəriş verdiyini qeyd edib.
Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu, Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının üzvü Əhməd Gencehan Babiş və dərnəyin idarə heyətinin üzvləri iki qardaş dövlət üçün fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Xocalı faciəsi 2018-03-27 13:50:00