Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Polis veteranları öz təcrübələrini gənc əməkdaşlarla bölüşürlər

Bakı, 13 mart, AZƏRTAC

Polis veteranlarına diqqət və qayğı hər zaman ölkə və Daxili İşlər Nazirliyi rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən biridir. Bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Veteranlar haqqında” Qanunla daha da möhkəmlənib, yaşlı nəslə böyük hörmət, qayğıkeş münasibət dövlət səviyyəsinə qaldırılıb. Hazırda dövlətimiz tərəfindən veteranların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində keçirilən tədbirlər uğurla davam etdirilir. Azərbaycanda sosial təminat və pensiya siyasəti sahəsində məqsədyönlü şəkildə həyata keçirilən işlər nəticəsində polis veteranlarının təqaüdləri ildən-ilə artırılır, onların maddi təminatı getdikcə yaxşılaşdırılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə polis veteranları ilə keçirilən görüşdə səsləndirilib. Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkün şəhərciyində təşkil edilən görüşdə Zəngilan Rayon Polis Şöbəsinin Veteranlar Şurasının yüzə yaxın üzvü iştirak edib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov bildirib ki, veteranlara göstərilən qayğı hazırda xidmət edən əməkdaşları da yeni uğurlar əldə etməyə ruhlandırır.
Görüşdə Zəngilan Rayon Polis Şöbəsində fəaliyyət göstərmiş və torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş Qarabağ müharibəsi əlilləri, təqaüddə olan polis kapitanı Əzim Kərimovun, həmçinin təqaüddə olan polis baş serjantları Zakir Abbasov və Zülfü Həsənəliyevin “Vətən naminə” medalı ilə təltif edilməsi barədə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin qərarı elan edilib. Medallar Zəngilan Rayon Polis Şöbəsinin rəisi tərəfindən sahiblərinə təqdim olunub.
Sonda veteranlar onlara göstərilən belə diqqət və qayğıya görə dövlətimizin başçısına və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər. Onlar bundan sonra da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, eləcə də xidmətə yeni qəbul olunmuş gənc polis əməkdaşları ilə təcrübələrini bölüşmək üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Cəmiyyət 2018-03-13 20:47:00