Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan-Xorvatiya ikitərəfli münasibətləri bütün sahələrdə inkişaf edir

Zaqreb, 13 mart, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Zaqreb şəhərinin meri Milan Bandiç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin bütün sahələrdə möhkəmləndiyini deyən səfir F.Qurbanov ölkələrimiz arasında əlaqələrin perspektivlərinə xidmət edəcək əsaslı normativ hüquqi bazanın mövcud olduğunu bildirib. F.Qurbanov 2013-cü ildə Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı imzalanan ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsini, habelə Prezident K.Qrabar-Kitaroviçin 2016-cı ildə Azərbaycana rəsmi səfərini qeyd edərək, Xorvatiya ilə Azərbaycan arasında siyasi münasibətlərin yüksəliş dövrü yaşadığını vurğulayıb.
Səfir Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 2017-ci ildə Bakıda keçirilmiş ilk iclasında sənaye, enerji, nəqliyyat, informasiya texnologiyaları, turizm, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə razılaşmaların əldə olunduğunu deyib, hər iki tərəfdən yüksək vəzifəli rəsmilərin iştirakını yüksək qiymətləndirib.
Diplomat bildirib ki, ölkələrimiz arasında mədəniyyət sahəsində də geniş əməkdaşlıq mövcuddur və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin 2018-ci il ərzində qeyd olunması ilə əlaqədar Xorvatiyada Azərbaycanın müstəqillik tarixinə, mədəniyyətinə və ölkənin təbliğinə həsr olunan bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, Azərbaycandan və Xorvatiyadan olan incəsənət xadimlərinin birgə konsertinin keçirilməsi, Xorvatiyada Azərbaycan kinosu həftəsinin təşkili istiqamətində tədbirlər görülür.
Mer Milan Bandiç, öz növbəsində, Zaqreb şəhəri administrasiyasının qeyd olunan tədbirlərlə əlaqədar əməkdaşlığa hazır olduğunu bildirib.
Səfir F.Qurbanov merə ölkəmizdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər, idman yarışları, o cümlədən birinci Avropa Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, İslam Həmrəyliyi Oyunları haqqında da məlumat verib. Bildirib ki, Bakı ilə Zaqreb arasında ictimai nəqliyyat, abadlıq və digər sahələrdə təcrübə mübadiləsinin aparılması üçün təmasların genişləndirilməsi məqsədəuyğun olardı.
Qeyd edək ki, Zaqreb şəhəri ardıcıl son 3 il ərzində Avropanın ən yaxşı Milad Bazarı adına layiq görülüb.
M.Bandiç Zaqreb-Bakı əməkdaşlığına dair mümkün perspektivlərin nəzərdən keçirilməsini müsbət qarşılayıb, bu istiqamətdə işlərin görülməsi üçün heç bir maneənin olmadığını vurğulayıb.
Görüşdə tərəflər mövcud səmərəli əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliklərini bildiriblər.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

Siyasət 2018-03-13 20:48:00