Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq

Bakı, 13 mart, AZƏRTAC
Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, martın 13-də "Təmiz Şəhər" ASC KİV nümayəndələrinin iştirakı ilə infotur təşkil edib.
KİV nümayəndələri əvvəlcə Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor Bulvarı və Böyükşor gölündə görülən işlərlə tanış olublar. "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri Etibar Abbasov Böyükşor gölünün sağlamlaşdırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, gölün bərpası layihəsinin birinci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib.
Media nümayəndələrinin Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanışlığı zamanı məlumat verilib ki, poliqon bütün sanitar normalara uyğundur. Poliqona tullantı daşıyan nəqliyyat vasitələri tullantıları boşaltdıqdan sonra ərazini tərk etməzdən öncə mütləq yuma məntəqəsində yuyulub dezinfeksiya edilir. 4 yuma kabinəsindən ibarət olan bu məntəqə beynəlxalq standartlara cavab verir və 400-dən çox maşına xidmət göstərmək gücünə malikdir. Poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur (İndiyədək 11 min ağac əkilib). Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu enerji poliqonun ehtiyacları üçün istifadə olunur.
Sonra KİV nümayəndələri Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olublar. Bildirilib ki, zavod 2012-ci ildə alman texnologiyası ilə inşa edilib və ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Zavodda çeşidləmə zamanı tapılmış 900-dən artıq müxtəlif növ sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) toplanılaraq "Poçtap" layihəsi çərçivəsində "Azərpoçt" MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 400 kiloqramdan artıq qəpik isə "Təmiz Şəhər" ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.
Zavodda 170-dən artıq Balaxanı sakini daimi iş yeri ilə təmin olunub.
Mətbuat nümayəndələri üçün Qala qəsəbəsində yerləşən "Tullantıdan sənətə" muzeyinə virtual tur təşkil olunub. Məlumat verilib ki, 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan bu muzeydə 6 il ərzində keçirilən "Tullantıdan sənətə" sərgisində iştirak edən 36 ölkədən 140-dək sənət adamının yaratdığı sənət əsərləri nümayiş olunur.
Jurnalistlər, həmçinin ölkəmizdə "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi məqsədilə yaradılmış 7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkı ilə də tanış olublar. Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti fəaliyyət göstərir. Daha 6 növ istehsalat sahəsi üzrə qeydiyyata alınmış 5 rezident bu il ərzində fəaliyyətə başlayacaq.
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olan KİV nümayəndələrinə məlumat verilib ki, ən sərt ekoloji tələblərə cavab verən 4-cü nəsil texnologiyalarla inşa edilən bu zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külü ötən ilin dekabr ayında Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min kvadratmetr təşkil edən yolların əsaslı təmir-bərpa işlərində istifadə olunub.
Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Təmiz Qala" pilot layihəsinə dair qısametrajlı film nümayiş olunub. Qeyd olunub ki, 2010-cu ildən fəaliyyət göstərən layihə çərçivəsində qəsəbədə tullantılar üçün iki rəngdə olmaqla üzvi (yəni mətbəx) və qeyri-üzvi (yəni digər) tullantılar üçün nəzərdə tutulan qutular yerləşdirilib. Tullantıların ilkin çeşidlənməsi sahəsində maarifləndirməni artırmaq məqsədilə qəsəbə sakinlərinə müxtəlif bukletlər paylanılır.
Tədbirdə mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Sənaye 2018-03-13 13:00:00