×
A
A
A
Sazlamalar

Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub

Bakı, 12 mart, AZƏRTAC

Braziliyanın nüfuzlu “EmbassyBrasilia” jurnalının internet səhifəsində Parana Federal Universitetinin siyasi elmlər üzrə magistrı, Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis Joao Rikardo Guilherme Zimmer Xavierin portuqal və ingilis dillərində “26 illik faciə” (26 years of a tragedy) sərlövhəli məqaləsi yerləşdirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər çərçivəsində dərc olunan məqalədə 26 il əvvəl Xocalıda erməni quldurları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş etnik təmizləmə, soyqırımı nəticəsində 613 dinc sakinin, o cümlədən qadın, uşaq və qocaların qətlə yetirildiyi bildirilib. Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əzəli ərazisi olan Qarabağın bütün mədəni və maddi irsi məhv edilib. İşğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymayaraq Azərbaycanın ərazilərini hələ də azad etmədiyi diqqətə çatdırılıb. Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalının ağır nəticələrinin ətraflı qeyd edildiyi məqalədə, həmçinin “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə də ətraflı məlumat verilib (http://embassybrasilia.com.br/site/26-years-of-a-tragedy/).
Bundan başqa, Braziliyada nəşr edilən “Correio Braziliense” qəzetinin 5 mart nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovun “Lembrando o conflito Khojaly” sərlövhəli məqaləsi də dərc edilib. Məqalə Xocalı soyqırımı, eləcə də azərbaycanlılara qarşı törədilmiş digər qanlı cinayətlər, o cümlədən günahsız insanların amansızcasına qətlə yetirilməsi barədə faktlar diqqətə çatdırılıb. Yazıda, həmçinin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə əməl etməyən Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu hələ də işğal altında saxladığı, işğalçı ölkənin kriminal rəhbərliyinin danışıqlar prosesində destruktiv mövqe tutması nəticəsində münaqişənin həllinin mümkün olmadığı qeyd edilib. Yazıda “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulmaq barədə oxuculara çağırış ünvanlanıb.
Qeyd edək ki, hər iki mətbu orqan Braziliyanın aparıcı KİV-lərindəndir və geniş oxucu kütləsinə malikdir.

Xocalı faciəsi 2018-03-12 22:38:00