×
A
A
A
Sazlamalar

İndoneziyanın “Republika” qəzetində Azərbaycandakı tolerant mühit barədə məqalə dərc edilib

Cakarta, 10 mart, AZƏRTAC

İndoneziyanın “Republika” qəzetində Azərbaycanda mövcud olan tolerant mühit barədə məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Xoşniyyətli Azərbaycana səfər edin” adlı məqalənin müəllifi ötən ilin dekabrında Bakıda keçirilən “İslam Həmrəyliyi İli-2017: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirak etmiş xanım Anggia Ermarinidir.
A.Ermarini İndoneziyanın ən böyük qeyri-hökumət təşkilatı olan “Nahdatul Ulama”nın “Al Fatayat” adlı qadın təşkilatının rəhbəridir. Bu QHT-nin qadın bölməsi öz sıralarında təqribən 8 milyon üzvü birləşdirir.
Məqalədə xanım Anggia Ermarini İslam həmrəyliyi ilə bağlı Bakıda keçirilmiş beynəlxalq konfransın əhəmiyyətini vurğulamaqla yanaşı, həm də Azərbaycan, onun paytaxtı haqqında təəssüratlarını bölüşür. Qeyd edir ki, konfransda yalnız müsəlman din xadimlərinin deyil, eyni zamanda, digər dini icmaların nümayəndələrinin də iştirakı Azərbaycanın tolerant ölkə olduğunu təsdiq edir. Müəllif Azərbaycanda şahid olduğu dini tolerantlıq mühitindən və buna dövlətin göstərdiyi dəstəkdən geniş bəhs edir.
Daha sonra müəllif İndoneziyada İslamın yayılmasında böyük rolu olmuş Azərbaycan əsilli dini alim Şeyx Mövlanə Malik İbrahimdən, müasir Azərbaycanda şahidi olduğu böyük inkişafdan, ölkədəki təhlükəsizlik və sabitlik mühitindən söhbət açır.
Məqalədə Bakının mədəni-tarixi abidələri, o cümlədən UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası barədə məlumat verilir.
Müəllif müstəqillik illərində sürətli inkişafa nail olan Azərbaycanda zəngin tarixi abidələrlə yanaşı, modern arxitekturanı özündə əks etdirən müasir tikililərin olmasına da diqqəti çəkir. O, qeyri-adi və gözəl üsluba malik Heydər Əliyev Mərkəzi və Heydər Məscidi kimi yeni tikililərə ziyarətini xüsusi qeyd edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Din 2018-03-10 18:38:00