×
A
A
A
Sazlamalar

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 5,4 milyon manatdan çox güzəştli kredit verilib

Bakı, 7 mart, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun martın 7-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 5,4 milyon manatdan çox güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən, müasir istixana komplekslərinin yaradılması, corab istehsalı, süd emalı, heyvandarlıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 200 yeni iş yerinin açılmasına imkan yaradacaq.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, zeytun və badam emalı müəssisələrinin yaradılması, badam bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bildirilib ki, kiçik həcmli investisiya layihələrinin ümumi dəyəri bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Tədbirdə sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafı, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, indiyədək Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 597 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində güzəştli kredit ayrılmış corab istehsalı müəssisəsinə baxış keçirilib. İldə 1,9 milyon cüt corab istehsal etmək gücündə olan bu müəssisədə hazırda tikinti-quraşdırma işləri aparılır. Bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulan müəssisədə 40 nəfər işlə təmin ediləcək.
Qeyd edək ki, indiyədək ümumi dəyəri 1,3 milyard manat olan 160-dan çox müasir sənayeyönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 512 milyon manat güzəştli kredit ayrılıb.

Sənaye 2018-03-07 21:15:00