Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakı Xətai Sənət Mərkəzində “Unudulmaz dərdimiz - Qarabağ” adlı rəsm sərgisi açılıb

Bakı, 24 fevral, Zərəngiz Mansurova, AZƏRTAC

Fevralın 24-də Bakı Xətai Sənət Mərkəzində “Unudulmaz dərdimiz - Qarabağ” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Zahid Əvəzov Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə keçirilən sərgidə Xocalıya həsr edilmiş 150-dən çox əsərin nümayiş olunduğunu bildirib.
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecin, İctimai Birliyin sədri Emin Həsənli və başqaları Xocalı faciəsinin Azərbaycanın tarixinə XX əsrin ən dəhşətli səhifələrindən biri kimi daxil olduğunu qeyd edərək, qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən, Xocalı soyqırımına beynəlxalq aləmdə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərdən danışıblar.
Tədbirin təşkilatçıları - Elnurə və Aygün İsgəndərova bacılarının təşəbbüsü ilə keçirilən sərgidə müxtəlif yaş qruplarını təmsil edən rəssamların və dekorativ sənət ustalarının əsərləri nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.

Xocalı faciəsi 2018-02-24 20:25:00