×
A
A
A
Sazlamalar

Sənayedə yerli xammaldan istifadə etməklə idxalı əvəz edən istehsal genişləndirilir

Bakı, 6 fevral, AZƏRTAC
Sənayedə yerli xammaldan istifadə etməklə idxalı əvəz edən istehsal genişləndirilir.
AZƏRTAC xəbər verir ki, fevralın 6-da İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, "Sumqayıt Kimya Sənaye Parkı" MMC və "SOCAR Polymer" MMC-nin birgə təşkilatçılığı ilə "Sənayedə yerli xammala əsaslanmaqla idxalı əvəz edən istehsalın genişlənməsi" mövzusunda konfrans keçirilib.
"Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin icrasına həsr olunan konfransda mütəxəssislər, sahibkarlar, elmi-tədqiqat institutlarının və universitetlərin nümayəndələri iştirak edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini və bu sahədə proqram xarakterli sənədlərin qəbul olunduğunu, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın uğurla icra edildiyini vurğulayıb. Bildirilib ki, son illərdə müasir texnologiyalara əsaslanan sənaye müəssisələri fəaliyyətə başlayıb və ixrac potensialı yüksəlib. Nazir müavini "Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş hədəflər üzrə 2017-ci ildə görülmüş işlər, eləcə də 2018-ci ildə həyata keçiriləcək tədbirlər barədə məlumat verib, sənayedə yerli istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin önəmini diqqətə çatdırıb.
Sonra konfrans öz işini təqdimatların dinlənilməsi ilə davam etdirib. Tədbirdə "SOCAR Polymer"in şöbə müdiri Vüqar Aslanov müəssisənin istehsal edəcəyi məhsulların sahibkarlar tərəfindən xammal kimi istifadə imkanları barədə təqdimatlarla çıxış edib, yeni sahibkarlıq subyektlərinin yaranmasında, iş yerlərinin açılmasında, ixrac potensialının genişlənməsində müəssisənin əhəmiyyətini vurğulayıb.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev "SOCAR Polymer" MMC ətrafında klasterlərin yaradılması, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov elmi-tədqiqat, ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə məruzə ilə çıxış ediblər.
Tədbirdə sahibkarların təklifləri müzakirə edilib, sualları cavablandırılıb.

Sənaye 2018-02-06 15:55:00