×
A
A
A
Sazlamalar

Ukrayna saytında 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş məqalə dərc olunub

Kiyev, 5 fevral, AZƏRTAC

Ukraynanın Versii.com saytında həmvətənimiz, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və təcavüz siyasətinin 200 illik tarixə malik olması qeyd olunur.
1918-ci il martın 30-31-də bədnam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər.
Həmin il martın 30-da səhər erməni-bolşevik dəstələri şəhəri hərbi gəmilərdən atəşə tutdular. Artilleriya atəşindən sonra silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq, onları amansızcasına qətlə yetirməyə başladılar. Martın 31-dən aprelin 1-nə keçən gecə azərbaycanlı əhaliyə qarşı qırğın kütləvi xarakter aldı. Üç gün ərzində Bakıda 17 min nəfər öldürüldü. Şamaxı, Şuşa, Quba, Muğan, Lənkəran və digər bölgələrdə on minlərlə insan məhv edildi.
Yalnız bu dəhşətli hadisələrdən 80 il keçəndən sonra – 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” fərmana əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı günü elan edildi. Bu, erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu.
Məqalənin müəllifi, professor Arif Quliyev yazır: “Azərbaycan rəhbərliyinin siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti nəticəsində azərbaycanlılar qarşıya qoyulan məqsədə, o cümlədən ərazi bütövlüyü və suverenliyin bərpasına, əsrlər boyu əsl soyqırımını həyata keçirənləri, insanlar və xalqlar arasında nifrət və düşmənçiliyi təbliğ edənləri ifşa etməyə nail olacaqlar”.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

31 mart 2018-02-05 17:05:00