Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ötən ilin 11 ayında xarici ticarət dövriyyəsi 22 milyard dollar təşkil edib

Bakı, 13 yanvar, AZƏRTAC
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Belə ki, 114 ölkəyə məhsul ixrac edilib, 176 ölkədən məhsul idxal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21809,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14018,7 milyon dollar, idxalın dəyəri 7790,7 milyon dollar təşkil edib, nəticədə 6228,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədə isə 10,9 faiz, o cümlədən ixrac 6,5 faiz, idxal 17,6 faiz azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixracın 31,4 faizini İtaliyaya göndərilmiş məhsulların dəyəri təşkil edib. Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiyanın payına düşüb.

Biznes 2018-01-13 03:34:00