Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü ərəfəsində İkinci Dünya müharibəsi veteranları ilə görüş olub

Bakı, 8 may, AZƏRTAC 

Mayın 8-də Respublika Veteranlar Təşkilatında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin bir qrup İkinci Dünya müharibəsi veteranı ilə görüşü keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, görüşdə Təşkilatın sədri, general-mayor Dadaş Rzayev, general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak ediblər.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov veteranlara dövlətimizin tərəfindən göstərilən dövlət qayğısından danışıb, onların Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını, problemlərinin vaxtında həll olunduğunu qeyd edib. O, ölkə rəhbərliyinin yüksək münasibətindən nümunə götürən müvafiq dövlət orqanlarının da veteranlara qayğıkeşliklə yanaşdıqlarını bildirib. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin sevindirici hal olduğunu qeyd edən C.Xəlilov hazırkı tədbirin də ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə fikir və tövsiyələrini çatdırırlar. C.Xəlilov İkinci Dünya müharibəsi veteranlarının hər zaman Azərbaycan Ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulayıb.
Kərim Vəliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun veteranlara təbriklərini çatdıraraq, 9 May – Qələbə Gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulayıb. Bu günün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayramı olduğunu qeyd edən nazir müavini Azərbaycanın Qələbənin qazanılmasına verdiyi böyük töhfələrdən danışıb, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirib.
K.Vəliyev 9 May - Qələbə Gününün ildən-ilə daha böyük təmtəraqla qeyd edildiyini, bunun ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi olduğunu vurğulayıb. Bu siyasətin hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir müavini İkinci Dünya müharibəsi veteranlarının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işində misilsiz xidmətlərindən danışıb.
Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Qələbə Günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılıb. Əmrə əsasən, bir qrup veterana pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.
Veteranlar Fatma Səttarova və Daməd Nəbiyev göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inamlarını ifadə ediblər.

Sosial 2017-05-08 22:30:00