×
A
A
A
Sazlamalar

Yasamal rayonunda soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 31 mart, AZƏRTAC
Paytaxtın Yasamal rayonu Heydər Əliyev Mərkəzində “31 mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Səməd İslamov açaraq bildirib ki, tarixboyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoyub, havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin məqsədlərinə çeviriblər. 1918-ci ilin mart qırğınları zamanı ermənilər Bakıda 10 mindən çox soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə minlərlə azərbaycanlı qəddarlıqla öldürülüb, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilib. Qırğınlar 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə də davam edib. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində isə minlərlə insan öldürülüb, torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
S.İslamov ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulayıb, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addım olduğunu deyib.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını qeyd edib. Bildirib ki, soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız, dinc soydaşımız amansızlıqla qətlə yetirilib.
Sonra 31 nömrəli orta məktəbin tarix müəllimi Aida Məmmədova çıxış edib. Qeyd edib ki, Azərbaycan xalqına uzun illər öz tarixinin faciəvi səhifələri haqqında məlumat verilməyib. Saxta sovet ideoloji göstərişləri və saxtalaşdırılmış tarix həmin illərin hadisələrini tamam başqa şəkildə təqdim edib. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Fərman təkcə tarixi ədalətin bərpa olunması baxımından deyil, həm də xalqımızı öz kökünə, mənəvi-əxlaqi dəyərlərinə qaytarmaq, torpağa, Vətənə bağlılıq baxımından mühüm sənəddir.
Sonda 31 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında soyqırımı gününə həsr olunmuş kompozisiya və film təqdim olunub. Məktəblilərin nümunəvi çıxışları maraqla qarşılanıb.

31 mart 2017-04-01 09:03:00