×
A
A
A
Sazlamalar

Soyqırımı ilə bağlı məlumatlar beynəlxalq səviyyədə müzakirə olunan aktual məsələlərdəndir

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, Əməkdar İncəsənət Xadimi, professor Fərəh Əliyeva tələbələrə Azərbaycanın tarixinə yazılan 31 Mart gününün önəmindən və ermənilər tərəfindən törədilən qanlı qırğınlar zamanı həlak olan insanların yaşadıqları faciədən bəhs edib.
Qeyd olunub ki, dünya tarixində, müasir həyatımızda soyqırımı ilə bağlı tez-tez rast gəldiyimiz məlumatlar beynəlxalq səviyyədə müzakirə olunan aktual məsələlərdən birinə çevrilib. F.Əliyeva Azərbaycana qarşı törədilən qanlı cinayətləri dünya ictimaiyyətinə, gələcək nəsillərə çatdırmaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin önəmini vurğulayıb.
Daha sonra fəxri qonaq, Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) layihə əlaqələndiricisi, “Visions of Azerbaijan” jurnalının redaktoru, jurnalist İan Pierta belə bir önəmli tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirib. Azərbaycanda 17 il ərzində baş verən hadisələri yaxından izləyib, araşdıran ingiltərəli jurnalist Xocalıda baş verən hadisələrdən təsirlənərək Xocalı haqqında yazdığı, türk, rus, ingilis və fransız dillərinə tərcümə olunmuş kitabını universitetin Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib.
ADMİU-nun sosial-siyasi elmlər kafedrasının müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Xaləddin Sofiyev və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli soyqırımı günü baş verən faciə haqqında fikirlərini bölüşüblər.
Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın çəkdiyi “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

31 mart 2017-03-31 21:05:00