×
A
A
A
Sazlamalar

Cənub bölgəsində Azərbaycanlıların Soyqırımı Günü dərin hüznlə qeyd olunub

Astara, 31 mart, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən anım mərasimlərində soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilib.
AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki Heydər Əliyev Mərkəzində ümumrayon tədbirində çıxış edən rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov erməni millətçilərinin 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədikləri soyqırımının acı nəticələrindən danışıb.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədovanın azərbaycanlıların soyqırımı ilə bağlı məruzəsi dinlənilib.
Soyqırımının ildönümünün böyük ürək ağrısı ilə, dərin hüznlə qeyd edildiyini vurğulayan K.Səmədova bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qətliama ilk dəfə ulu öndər Heydər Əliyev siyasi qiymət verib. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Qeyd olunub ki, erməni terroru təkcə 1918-ci ilin mart soyqırımı ilə məhdudlaşmır. Ötən əsrin sonunda 1 milyonadək soydaşımız doğma torpaqlarından didərgin salınıb, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılaraq dağıdılıb, evlər vəhşicəsinə talan edilib, minlərlə insan qətlə yetirilib, girov götürülüb və itkin düşüb.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarix boyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dönəmlərində azərbaycanlılara qarşı soyqırımları törətdiklərini bildiriblər.

X X X

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Lənkəranda da dərin hüznlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayaraq minlərlə rayon sakini soyqırımı zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün şəhərin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə salınan parkdakı abidə-kompleksinin qarşısına toplaşıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, yerli icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlərin, hərbi hissələrin əsgərləri və ictimaiyyət nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzərək, qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad ediblər.
Qeyd edək ki, Lənkəran rayonu 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrimizdəndir. Həmin dövrdə Lənkəran şəhərində, Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərdə kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılıb, 2000-dən çox dinc sakin qətlə yetirilib.

X X X

Martın 31-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfransda erməni separatçılarının azərbaycanlılara qarşı soyqırımı pislənilərək dünya ölkələrindən bu soyqırımının tanınması tələb olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov azərbaycanlıların kütləvi qırğınını, repressiyalara məruz qalmasını, doğma yurdlarından sürgün edilməsini və didərgin salınmasını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri olduğunu deyib.
Qeyd olunub ki, ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilib.
Tədbirdə Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin azərbaycanlıların soyqırımı ilə bağlı məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırımı siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə soydaşımız qəddarlıqla qətlə yetirilib. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə kütləvi qətliamlar törədilib.
Elmi-praktik konfransda çıxış edənlər erməni vandallarının cənub bölgəsində törətdiyi vəhşiliklərdən də danışıblar.

X X X

Lerikdə də soyqırımı qurbanlarının xatirəsi anılıb.
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktına ilk siyasi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Azərbaycan Prezidentinin və Heydər Əliyev Fondunun dünyanın aparıcı dövlətlərində xalqımızın başına gətirilmiş soyqırımı aktlarının tanıdılması istiqamətində gördüyü işlər öz səmərəsini verməkdədir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədovanın azərbaycanlıların soyqırımı ilə bağlı məruzəsi dinlənilib.
Çıxış edənlər uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını pisləyərək Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətdən danışıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə aparılan “Xocalıya ədalət!” kampaniyası nəticəsində dünya dövlətlərinin bir sıra parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırıblar.

X X X

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Cəlilabadda da dərin hüznlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən anım mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ermənilər tərəfindən azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırımı siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, minlərlə azərbaycanlının qəddarlıqla qətlə yetirildiyini bildirib.
Qeyd olunub ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımına ilk dəfə ulu öndər Heydər Əliyev siyasi qiymət verib. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Ümumrayon tədbirində çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri, soyqırımı siyasətini pisləyərək, xalqımızın başına gətirilən bu müsibətlərin olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasının və soyqırımına beynəlxalq miqyasda siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini diqqətə çatdırıblar.

X X X

Yardımlıda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Yardımlı şəhərində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək, soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, ermənilərin 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər yaddaşlardan heç zaman silinməyəcək.
Çıxış edənlər “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri, soyqırımı siyasətini pisləyərək, dünyanın nüfuzlu ölkələrini, beynəlxalq təşkilatları xalqımıza qarşı törədilmiş soyqırımını tanımağa çağırıblar.

Regionlar 2017-03-31 20:33:00