×
A
A
A
Sazlamalar

Sabirabaddakı dəmir-beton zavodu fəaliyyətə başlayıb

Sabirabad, 8 noyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabaddakı dəmir-beton zavodu 20 illik fasilədən sonra fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, əsasən suvarmanın keyfiyyətli təşkili üçün dəmir-beton qurğular, novlar, üzlüklər istehsal edən zavod hazırda məhsulun çeşidini də artırıb, əlavə olaraq yol və tikinti sahələri üçün məhsul istehsal edir.
“Sabirabad Dəmir-Beton” zavodu rayonun Qalaqayın kəndində yerləşir. Ötən əsrin 70–ci illərində inşa olunan müəssisə rayonda kənd təsərrüfatının inkişafına xidmət edib.
Son illər kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması, ixracyönümlü məhsullarının əkilib-becərilməsinə daha çox üstünlük verilməsi su təsərrüfatına xidmət edən bu zavodun dirçəldilməsinə ehtiyac yaratmışdı. Zavod səhmdar cəmiyyətə çevrildikdən sonra tamamilə yenidən qurulur. Buraya ən müasir avadanlıqlar, yüksəktonnajlı kranlar gətirilib. Zavodun dam örtüyü dəyişdirilib, ətrafı abadlaşdırılıb, köhnə avadanlıqlar yenisi ilə əvəz olunub. Müəssisənin işıq, qaz, su və kanalizasiya sistemləri də yenidən qurulub. Artıq zavodda suvarma sistemində istifadə edilən bütün materialların istehsalına başlanılıb. Məhsulun maya dəyərinin aşağı salınması üçün zavodun həyətində qrabil, daş sexləri, eləcə də asfalt istehsalı üçün avadanlıqlar quraşdırılıb. Bundan əlavə, zavodda su və kanalizasiya çəkilişlərində istifadə olunan lyuk və kuveytlər də istehsal edilir. Müəssisədə beton və beton məmulatlarının istehsalı ilə yanaşı, metalların qalvanikləşdirilməsi sexi də fəaliyyətə başlayıb. Bu sexlərdə köhnə və tullantı metallar qalaylanır, rəngi saflaşdırılır və emala göndərilir.
Zavoddakı mexaniki sex əsaslı təmir olunub, əlavə presləmə avadanlıqları quraşdırılıb, kəsmə və bükmə dəzgahları, kontakt qaynaq avadanlığı, eləcə də beton bloklar üçün yeni qəliblər quraşdırılıb.
Baş mühəndis İlqar Şahsuvarov AZƏRTAC-a bildirib ki, zavodda, həmçinin çoxmənzilli yaşayış və inzibati binaların tikintisində istifadə olunan müxtəlif növ beton üzlüklərin və digər materialların istehsalı da nəzərdə tutulub. İlkin olaraq müəssisədə 60-a yaxın işçi çalışacaq və gələcəkdə onların sayı daha da artacaq. Zavodda aparılan yenidənqurma işləri şübhəsiz ki, kənd təsərrüfatının inkişafına, ölkədə ərzaq bolluğunun yaradılmasına öz müsbət təsirini göstərəcək.

Regionlar 2016-11-08 05:21:00