×
A
A
A
Sazlamalar

Bakıda keçirilən pençak-silat idmanı üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Bakı, 23 avqust, AZƏRTAC
Pençak-silat idmanı üzrə dünya çempionatının Bakıda keçirilən təsnifat mərhələsinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Pençak-silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov çıxış edərək son illər ölkəmizdə sürətlə inkişaf etdiyini bildirib. O, idmanın bu növü üzrə belə mühüm turnirin Azərbaycanda təşkilindən məmnunluğunu bildirib.
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani pençak-silatın qədim tarixə malik olduğunu söyləyib. Səfir vurğulayıb ki, İndoneziyada yaranan bu idman növünün Azərbaycanda sürətlə inkişaf etməsi sevindiricidir. İndoneziyada pençak-silatın həm də incəsənət və yaşam tərzi olaraq da geniş yayıldığını qeyd edən diplomat bildirib ki, ölkəsində kiçik yaşlı uşaqlara da idmanın bu növü öyrədilir.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İndoneziyada yaranan və bütün dünyada sürətlə məşhurlaşan pençak-silatın Azərbaycanda əhatə dairəsinin ildən-ilə daha da genişləndiyini bildirib. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın idmanın müxtəlif növləri üzrə mühüm yarışlara uğurla ev sahibliyi etdiyini deyən Ç.Hüzeynzadə pençak-silat üzrə də turnirlərin təşkilinin artıq ənənəyə çevrildiyini vurğulayıb.
Çıxışlardan sonra çempionat açıq elan olunub.
Sonra İndoneziyadan gəlmiş rəqs qrupu, habelə azərbaycanlı idmançılar nümunəvi çıxışlar təqdim ediblər.

İdman 2017-08-23 20:06:00