×
A
A
A
Sazlamalar

Şəmkirdə keçirilən seminar-müşavirədə İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə olunub

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi məsələlər üzrə şöbənin müdiri Fəxrəddin Vəliyev maarifləndirmə məqsədilə keçirilən seminar-müşavirənin əhəmiyyətindən danışıb, rayonda qeydiyyatdan keçən dini icmalara fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini diqqətə çatdıran icra hakimiyyəti başçısının müavini dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. Qeyd edib ki, dini etiqad azadlığının təmin olunması, rayonda dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə, eyni zamanda, məzhəblər arasında dini tolerantlığın qorunması, həmrəyliyin təmin edilməsi və dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi sahəsində Dövlət Komitəsi tərəfindən həyata keçirilən silsilə tədbirlərin əhəmiyyətinə toxunub. Sədrin birinci müavini Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təminatı istiqamətində bütün zəruri addımların atıldığını qeyd edib.
Sonra mövzu ətrafında çıxış edən Şəmkir Rayon Polis Şöbəsi rəisinin müavini Yaşar Hüseynov rayondakı sabit dini durum haqqında danışıb.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Din 2017-08-23 19:15:00