×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyinin Gürcüstana ezam olunmuş qüvvələri yanğınsöndürmə əməliyyatlarını davam etdirir

Bakı, 23 avqust, AZƏRTAC

Gürcüstan Hökumətinin müraciətinə əsasən, Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) avqustun 22-də qonşu ölkəyə ezam olunmuş əməkdaşları yanğınsöndürmə işlərini davam etdirirlər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanının Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası Gürcüstan hökuməti tərəfindən onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarının söndürülməsi işlərini həyata keçirirlər. Bundan əlavə, FHN hadisə rayonuna ezam edilmiş xilasetmə dəstəsinin operativ və səmərəli fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsindən ötrü səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlar qurulub və səyyar mətbəx quraşdırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.

Sosial 2017-08-23 18:17:00