×
A
A
A
Sazlamalar

Dünya Bankının nümayəndələri ilə birgə Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı olub

Bakı, 23 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə birgə Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin ölkədə davamlı inkişafı təmin edən islahatlar paketinin uğurlarını diqqətə çatdırıb. Nazir aparılan islahatların iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi şəraitində əmək ehtiyatlarından istifadə və məşğulluq imkanlarının artmasını stimullaşdırdığını qeyd edərək deyib: “Ölkədə qeyri-neft sektorunun inkişafında dövlətin özəl sektoru ardıcıl və hərtərəfli dəstəkləməsi və 2004-cü ildən ötən dövrdə sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlərin verilməsi mühüm rol oynayıb. Nəticədə həmin bölmənin ümumdaxili məhsulda xüsusi çəkisi 80 faizi ötməklə, onun məşğulluqda payı 75 faizə çatıb. 2004-cü ildə qəbul olunan regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı ölkənin bölgələrində inkişaf proseslərinin sürətlənməsinə səbəb olub. Xüsusilə aqrar sahənin inkişafına yönələn kompleks tədbirlər müsbət nəticə verir. Bunun növbəti təzahürü kimi, təkcə cari ilin 6 ayı ərzində ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz artıb. Eyni zamanda qeyri-neft məhsullarının ixracında 27 faiz, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracında 40 faizdən çox artım özünü göstərib”.
Nazir söyləyib ki, həmin amillər ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi, əkin sahələrinin genişləndirilməsi əhalinin 47 faizinin yaşadığı kənd rayonlarında xeyli sakinə məşğulluq və gəlirləri artırmaq imkanı verib: “Misal üçün ölkənin kənd təsərrüfatı sektorunda çalışanların sayı ildən-ilə artaraq cari ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb. Ölkədə məşğul əhali tərkibində həmin sektorda işləyənlərin xüsusi çəkisi 37 faiz təşkil edir. Ümumilikdə son 13 ildə görülən tədbirlər ölkədə işsizlik səviyyəsinin 5 faizə enməsinə imkan verib və ölkəmizin kənd rayonları üzrə həmin göstərici daha aşağıdır”.
Nazir həyata keçirilən aktiv məşğulluq proqramlarının həmin proseslərə fəal dəstək olduğunu vurğulayaraq qeyd edib ki, həyata keçirilən özünüməşğulluq proqramı 1400 nəfərin ailə təsərrüfatlarını qurmaqla özünüməşğulluğuna imkan yaradıb ki, onların 84 faizinin biznes-planları kənd təsərrüfatı sahələrini əhatə edir. Proqram çərçivəsində 860 nəfərə verilən aktivlər (mal və materiallar) nəticəsində ailə təsərrüfatları yaradılıb. Gələn il həmin proses daha da genişləndiriləcək. Dövlət başçısının təsdiq etdiyi və gələn ildən qüvvəyə minəcək “İşsizlikdən sığorta haqqında” Qanununun tətbiqindən sonra ailə əməyinə əsaslanan daha çox təsərrüfatın qurulması üçün əsaslı təminat yaradılacaq”.
Dünya Bankı ilə əməkdaşlıqda icra olunan Kənd İnvestisiyaları Layihələrinin əhəmiyyətindən bəhs edən S.Müslümov bildirib: “Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsi də bu sahədə növbəti mühüm tədbirlərin görülməsinə yönəlib və layihə çərçivəsində aidiyyəti sahələrdə əməkdaşlıq məsələləri də diqqətdə saxlanılacaq”.
Dünya Bankının Ölkə üzrə Meneceri Navid Həsən Naqvı ölkəmizdə kənd rayonlarında ümumi inkişaf proseslərinin təmin olunmasında, o cümlədən kənd təsərrüfatının inkişafında Kənd İnvestisiyaları Layihələrinin mühüm rol oynadığını və layihələr üzrə aparılan işlərin nəticə etibarilə əmək bazarında da müsbət meylləri gücləndirdiyini, əmək resurslarının məşğulluğuna yeni imkanlar yaratdığını və Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin də həmin sahələrdə uğurlu nəticələr verəcəyinə əminliyini söyləyib.
Sonra missiya rəhbəri Satoşi İşihara Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsini təqdim edib.
Tədbirdə layihədə nəzərdə tutulan müvafiq istiqamətlərdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Sosial 2017-08-23 17:37:00