×
A
A
A
Sazlamalar

Ukraynanın təzə və soyudulmuş mal əti ixrac etdiyi ikinci ölkə Azərbaycandır

Bakı, 23 avqust, AZƏRTAC

Ukraynanın təzə və soyudulmuş mal əti ixrac etdiyi ikinci ölkə Azərbaycandır.
AZƏRTAC Ukrayna Aqrar Biznes Klubu Assosiasiyasına istinadla xəbər verir ki, ölkə bu ilin yanvar-iyul aylarında 64 milyon dollar məbləğində təzə və soyudulmuş mal əti ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə (30 milyon dollar) çoxdur. Ölkənin dondurulmuş və soyudulmuş mal ətinin tədarükünün 81 faizini təşkil edən MDB ölkələrinə satılıb. Dondurulmuş və soyudulmuş ətin tədarükü əsasən Belarus (40 faiz), Azərbaycan (22 faiz) və Qazaxıstana (16 faiz) reallaşdırılıb.
Bu il xarici ölkələrə daha çox dondurulmuş mal ətinin satışı artıb. Ətin ixrac strukturunda 26 faiz təzə və soyudulmuş ətin, qalan 74 faiz isə dondurulmuş mal ətinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə dondurulmuş ətin xaricə satışı 2,7 dəfə artıb və 42,3 milyon dollar olub.
Bütün ixracın 16 faizi Asiya ölkələrinin payına düşür. Əsas alıcılar İraq və Gürcüstandır. Qalan mal əti isə Afrikaya, o cümlədən Misirə göndərilir. Cari ilin ilk yarısında təzə və soyudulmuş ətin reallaşdırılmasının orta qiyməti MDB ölkələri üçün 2,6 dollar/kiloqram, Asiya ölkələri üçün 3,8 dollar/kiloqram təşkil edib.
Hesabat dövründə diri iribuynuzlu malın ixracında da artım qeydə alınıb. Belə ki, bu müddətdə xaricə 18 milyon dollar məbləğində bu növ mal satılıb. Bu məhsulun əsas istehlakçıları Livan (35 faiz), Azərbaycan (24,4 faiz) və İordaniya (18,4 faiz) olub.

İqtisadiyyat 2017-08-23 16:17:00