×
A
A
A
Sazlamalar

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Quba, 23 avqust, Elxan Yusifli, AZƏRTAC

Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin üzvü, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç avqustun 23-də Quba rayonuna gəlib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində qonağa Qubanın təbiəti, yerli əhalinin etnik tərkibi, adət-ənənələri və burada aparılan quruculuq işləri barədə məlumat verib.
Sonra İvo Yosipoviç Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Qonağın diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə, Heydər Əliyev Mərkəzində, rayonda fəaliyyət göstərən xalçaçılıq müəssisəsində olub və şəhərin başqa görməli yerləri ilə yaxından tanış olub.

Regionlar 2017-08-23 16:13:00