×
A
A
A
Sazlamalar

Respublika Veteranlar Təşkilatında ehtiyatda olan polkovnik Adil Haqverdiyevin 75 illik yubileyi qeyd edilib

Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ehtiyatda olan polkovnik Adil Haqverdiyevin 75 illik yubileyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, veteranlar, yubilyarın xidmət, eləcə də döyüş yoldaşları, Respublika Veteranlar Təşkilatının kollektivi və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov A.Haqverdiyevin keçdiyi həyat yolundan, xidmət illərindən, hazırda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki fəaliyyətindən danışıb. Bildirib ki, Adil Haqverdiyev 1942-ci il avqustun 20-də Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin təcrübəli hərbçisi, Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. A.Haqverdiyevin peşəkar hərbçi kimi həyatının 40 ilə yaxın bir dövrü ordu ilə, Silahlı Qüvvələrlə bağlı olub. Öz istəyi ilə seçdiyi bu mürəkkəb və şərəfli yol Xarkov Ali Hərbi Tank Qoşunları Komandanlığı məktəbini bitirdiyi 1964-cü ildən başlanmış, Ukraynadan, Rusiyadan, Moldovadan, Özbəkistandan, Əfqanıstandan keçərək nəhayət doğma Azərbaycana qədər uzanıb. O, müxtəlif hərbi hissələrdə yüksək vəzifələrdə olub, Əfqanıstanda, Qarabağda döyüş əməliyyatlarında iştirak edib, hərbi tədrislə məşğul olduğu illərdə də eyni həvəs və məsuliyyətlə çalışıb, vəzifə borcuna daim sadiq qalıb. 1975-ci ildə Moskvada M.B.Frunze adına Hərbi Akademiyanı bitirmiş azsaylı azərbaycanlılardan biri kimi Vətənin çətin günündə övladlıq borcunu layiqincə yerinə yetirib, öz biliyini, təcrübəsini doğma Azərbaycan torpaqlarının müdafiəsinə həsr edib, iki dəfə yaralansa da, mövqeyini tərk etməyib. Xidməti vəzifələrin öhdəsindən layiqincə gəldiyinə görə A.Haqverdiyev komandanlıq tərəfindən dəfələrlə müxtəlif mükafatlara və təltiflərə layiq görülüb.
A.Haqverdiyev 2015-ci ildən bu günədək Respublika Veteranlar Təşkilatının şöbə müdiri kimi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində ardıcıl və səmərəli fəaliyyət göstərir. Hazırda 75 yaşının tamam olduğu vaxtda da yenə sırada olmaqla gənc peşəkarlar nəslinin yetişdirilməsində yaxından iştirak edir, bilik və bacarığını əsirgəmir.
Digər çıxış edənlər yubilyarı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıblar.
Sonda A.Haqverdiyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, peşəkar hərbçi kimi torpaqlarımızın azadlığı uğrunda hər zaman döyüşməyə hazır olduğunu və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.

Sosial 2017-08-23 16:10:00