×
A
A
A
Sazlamalar

Artıq 1029 nəfər qeydiyyatdan keçərək ADPU-nun tələbəsi adını qazanıb

Bakı, 23 avqust, AZƏRTAC 

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) bu il qəbul olunaraq tələbə adını qazanan abituriyentlərin qeydiyyata alınması prosesi davam edir.
Universitetdə qeydiyyatın mövcud qaydalara müvafiq təşkili və keçirilməsi məqsədilə filologiya, riyaziyyat və informatika, tarix və coğrafiya, kimya və biologiya, ibtidai təhsil, məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, fizika və texnologiya fakültəsinin dekanlarından və əməkdaşlarından ibarət işçi qrup yaradılıb. Həmçinin ADPU-nun Ağcabədi, Şəki, Quba, Şamaxı və Cəlilabad filiallarında da qeydiyyatın aparılması üçün işçi qruplar yaradılıb.
İşçi qrupun məsul şəxsi, professor İbrahim Bayramovun AZƏRTAC-a verdiyi məlumata görə, 2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. Ayrılan yerlərdən 2010-u Azərbaycan bölməsi, 190-ı isə rus bölməsi üçün nəzərdə tutulub. Azərbaycan bölməsi üzrə 970 nəfər, rus bölməsi üzrə isə 59 nəfər olmaqla, ümumilikdə 1029 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, 2016-2017-ci tədris ilindən başlayaraq ADPU-da tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şəffaflığı və obyektivliyi təmin etmək, eyni zamanda, tələbələrin elmi dünyagörüşünün, məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə, həmçinin onların yazı mədəniyyətinin və bütövlükdə ümumi mədəni səviyyələrinin yüksəlməsinə kömək etməkdir.

 

Elm və təhsil 2017-08-23 15:56:00