×
A
A
A
Sazlamalar

Azərbaycan taekvandoçusu Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb

Bakı, 23 avqust, AZƏRTAC
Taypey şəhərində təşkil olunan tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycanın taekvando üzrə milli komandasının üzvü Milad Beigi Hərçəqani qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, universiadanın taekvando yarışlarının ikinci günü də milli komandamız üçün uğurlu olub. Avqustun 23-də kişilərin mübarizəsində Milad Beigi Hərçəqani (80 kq) portuqaliyalı idmançı Jaan Miçel Fernandezə 29:1, Rusiya Federasiyasını təmsil edən Boqdan Qreçkinə 25:8, yaponiyalı Hidenori Ebatana 32:15 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda ev sahibi ölkənin idmançısı Vey-Tinq Liu ilə görüşən dünya çempionumuz rəqibini mübarizədən kənarlaşdıraraq finala adlayıb – 12:4.
Həlledici qarşılaşmada bu il dünya çempionatında məğlubiyyətə uğratdığı ispaniyalı Raul Martinez Qarsiya ilə üz-üzə gələn Milad 6-3 hesablı qələbə sayəsində Universiadanın qalibi olub.
Azərbaycan taekvandoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
Bugünkü mübarizədə üç taekvandoçumuz isə medal qazana bilməyib. Kişilərin 58 kiloqram çəki dərəcəsində mübarizəsində Əli Məmmədov tailandlı rəqibi Tavin Hanprabla, qadınların yarışında Fəridə Əzizova (67 kq) Koreya Respublikasından olan Yandi Kimlə, daha bir qadın taekvandoçumuz Safiyə Polat (49 kq) isə türkiyəli İpek Çidemlə döyüşdə uduzublar.
Qeyd edək ki, yarış “G2” kateqoriyalı olduğundan birinci, ikinci və üçüncü yeri tutan idmançılar, müvafiq olaraq 20, 12 və 7,2 reytinq xalı qazanırlar.
Xatırladaq ki, Azərbaycan yarışda 12 taekvandoçu ilə təmsil olunur. Avqustun 22-də dayanq üzərinə çıxan idmançımız Ayxan Tağızadə yalnız finalda məğlub olaraq Universiadanın gümüş medalını əldə edib. Yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) və qadın idmançımız Yaprak Eriş (57 kq) isə yarışda mübarizəni dayandırıblar.

 

İdman 2017-08-23 15:11:00