×
A
A
A
Sazlamalar

Nuxuyevlər ailəsinin qorxulu yuxusu

Bakı, 23 avqust, Süleyman Qaradağlı, AZƏRTAC

O vaxtdan nə az, nə çox, düz 24 il keçir. Ancaq üstündən illər keçəndən sonra da, xəyalən də olsa həmin günlərə qayıtmaq qorxulu və acı yuxunu xatırlamaq kimidir.
Həmin o yay günü Arif və Balay Nuxuyevlər ailəsi kənddə yaşayan qardaşları Vaqifin qızı Fəridənin toyuna getmişdilər. Hər şey də toydan üç-dörd gün sonra baş verdi...
AZƏRTAC xəbər verir ki, Nuxuyevlər ailəsinin faciəsi 1993-cü ilin yayında erməni quldurları Füzuli rayonunun Gorazıllı kəndini işğal edərkən başlayıb. Səhərin alatoran vaxtı qəflətən kəndə hücum edən düşmən əsgərləri Vaqifi, həyat yoldaşı Raisəni, qızları Sevil və Sevdanı, Bakıdan gəlmiş qardaşı Arifi, onun həyat yoldaşı Məxməri, oğlanları Rövşən və Elşəni, bacısı Nadyanı, bibisi Rayanı, qaynanası Mayanı, kiçik qardaşı Balayı, həyat yoldaşı Raisəni, qızları Mətanət və Arzunu, anaları Tamaşanı, qaynı Marksı, həyat yoldaşı Lətafəti, qızları Leyla və Nərmini, yaxın qohumları İrəvanı girov götürüblər. Onları əvvəlcə yaxınlıqdakı Köçbəy kəndinə, həmin günün axşamı isə oradan Xankəndinə, iki gün orada saxladıqdan sonra Şuşaya aparıblar. Onları xəstəxananın birinci mərtəbəsində yerləşdiriblər.
Azərbaycanlı əsirlərlə ən qəddar formada rəftar edən ermənilər onları günlərlə ac-susuz saxlayır, dəyənəklərlə kötəkləyir, avtomat qundağı ilə hədə-qorxu gəlirdilər. Həmin dəhşətli əzab və işgəncələr nəticəsində Vaqifin qolu, Arifin iki qabırğası sınıb. Üstəlik girovluq həyatında ailənin böyük övladı Vaqif qarın yatalağı xəstəliyi də tapıb. Əsir düşəndən iki ay sonra isə xəstəlik və ağrılara tab gətirməyərək canını tapşırıb. Qardaşları onu öz əlləri ilə Həsənabad qəbiristanlığında dəfn ediblər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin səyləri nəticəsində əvvəlcə Arifi, üç ay sonra isə anası Tamaşanı, Rayanı və kiçik oğlu Rövşəni, az sonra bacısı Nadya, qaynanası Mayanı və böyük oğlu Elşəni geri qaytarmaq mümkün olub.
1994-cü ilin yanvarında əsirlikdə olan sonuncu qardaşları Balay və İrəvan azad edilib, mayın 8-də Raisə, qızları Mətanət və Arzu, iyunun 8-də Məxmər girovluqdan qurtarıb Bakıya qayıdıblar.
Həmin ilin oktyabrında əsirlikdə rəhmətə gedən Vaqifin həyat yoldaşı Raisə, qızları Sevil və Sevda, qaynı Marksın həyat yoldaşı Lətafət, qızları Leyla və Nərmin azad olunub. Dekabrda isə Marks əsirlikdən qaçaraq xilas olub.
Vətənə qayıdandan sonra da Nuxuyevlər ailəsi amansız əsirlik həyatının üzləşdikləri çətinliklərin ağrı-acısını yaşayıblar. Azad olunandan 20 gün sonra anaları Tamaşa, doqquz ay sonra İrəvan vəfat edib.
2011-ci ildə bibiləri Raya, bir il sonra Lətafət işıqlı dünyaya əbədi olaraq gözlərini yumub.
Təxminən 10 gün əvvəl isə Nuxuyevlər ailəsinin böyüyü Arif də qəflətən rəhmətə gedib.
Müharibə dəhşətləri, amansız əsirlik həyatı dinc və sakit bir ailənin həyatını faciə və mərhumiyyətlərə düçar edib. Bu, hələ yalnız bir ailənin faciəsidir.
Erməni vandalizmi, onların müharibədə törətdikləri dəhşətlər, xalqımıza qarşı nifrət hissi heç vaxt unudulmamalıdır.
İllər, əsrlər keçsə də...

Cəmiyyət 2017-08-23 11:31:00