×
A
A
A
Sazlamalar

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları keçirib VİDEO

Bakı, 23 avqust, AZƏRTAC

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.
Uçuş zolağına doğru hərəkət edən təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçiriblər.
Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin olunub.
SU-25 hücum təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.
Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir. Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.
Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha onu göstərib ki, Əlahiddə Ümumqoşun Ordusunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır.
Uçuşları uğurla başa vuran heyətlərə komandanlıq tərəfindən təşəkkür elan edilib.

Ordu 2017-08-23 11:25:00

Video