×
A
A
A
Sazlamalar

İsmayıllıda “Qızlar düşərgəsi-1918”in açılışı olub

İsmayıllı, 23 avqust, AZƏRTAC 

Beynəlxalq Təhsil üzrə Amerika Şurası “Əkses Təhsil” MMC-nin tərəfdaşlığı ilə İsmayıllıda yeniyetmələr üçün düşərgə açıb.
AZƏRTAC xəbər verir ki, “Çinar” istirahət mərkəzində “Qızların düşərgəsi-1918” adı ilə açılan düşərgədə ilk təlimlərə ölkənin müxtəlif bölgələrindən 14-16 yaşlı 42 qız cəlb olunub. Sentyabrın 1-dən 6-dək keçiriləcək növbəti təlimlərə həmin yaş qrupundan olan oğlanlar cəlb olunacaq. Təlimlər azərbaycanlı mütəxəssislər tərəfindən keçiriləcək.
Layihənin reallaşdırılmasında məqsəd yeniyetmə və gənclərə həyat bacarıqlarını öyrətməklə yanaşı, onları gələcək karyera qurmağa və ölkənin sosial-iqtisadi inkişafına töhfələr verməyə hazırlamaqdır. Bundan əlavə, layihədə gənclərin informasiya texnologiyaları və sahibkarlıq sahəsində bacarıqlarını artırmaq, maliyyə vəsaiti əldə etmək yollarını öyrətmək, “startap”lar yaratmaq, bizneslərin idarə edilməsi və marketinq fəaliyyəti göstərmək bacarıqlarını aşılamaq nəzərdə tutulur.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova dövlət gənclər siyasətinin uğurlarından danışıb, İsmayıllıda gənclərin intellektual, elmi, sosial inkişafı üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.
Natiq bu gün Azərbaycan gənclərinin təhsili və əmək fəaliyyəti üçün dövlətimiz tərəfindən lazımi şəraitin yaradıldığını, hərtərəfli dəstəyin göstərildiyini vurğulayıb.
Tədbirdə gənc qızların liderlik, təhsil, vətənpərvərlik və sair sahələrlə bağlı çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, düşərgəyə “Qızlar düşərgəsi-1918” adı Xalq Cümhuriyyətinin qadınlara verdiyi seçib-seçilmək kimi hüququn şərəfinə verilib.

Regionlar 2017-08-23 01:11:00