×
A
A
A
Sazlamalar

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə 5 min 225 nəfər buraxılıb

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Texniki Universitetində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, avqustun 26-dək davam edəcək bu mərhələdə üç nəfərdən ibarət komissiya namizədlərdən müsahibə götürürlər. Müsahibə mərhələsinin nəticələri növbəti həftənin əvvəlində açıqlanacaq və hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək.
Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, müsahibə zamanı müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü, bilikləri yoxlanılır. Vakant yer tutmaq hüququ qazanan 5 min 225 nəfər bu mərhələyə dəvət olunub. O deyib: “Bu mərhələdən sonra sentyabrın əvvəlində əlavə yerləşdirmə mərhələsi keçiriləcək. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yerləri seçəcək və vakant yeri tutmaq hüququ qazananlar yenidən müsahibə mərhələsinə dəvət olunacaqlar. Bu il ilk dəfə fiziki tərbiyə, musiqi və təsviri incəsənət müəllimləri üçün müsabiqədə mərhələlərinin yeri dəyişdirilib. Onlar müsahibə mərhələsindən uğurla keçərək vakant yeri seçmək hüququ əldə ediblər. Növbəti mərhələyə keçmək hüququ qazanan 500-600 nəfər üçün vakant yerlərin seçimi mərhələsi başa çatıb. Onların da nəticələri yaxın günlərdə açıqlanacaq və həmin şəxslər sentyabrın 15-də birbaşa təyinat yerlərinə işə gedəcəklər”.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

Elm və təhsil 2017-08-22 18:26:00