×
A
A
A
Sazlamalar

Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Şəmkir rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, o cümlədən Şəmkirçay su anbarı, Su-Elektrik Stansiyası, xalça toxuma müəssisəsi, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Gənclər Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 60 mənzilli 3 yaşayış binası inşa edilib, Rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir edilib, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri istehsal və emal müəssisələri yaradılıb, 18 mindən çox yeni iş yeri açılıb, şəhərin su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Regionlar 2017-08-22 18:12:00