×
A
A
A
Sazlamalar

Təmiz hava aylığı çərçivəsində SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilib

Bakı, 22 avqust, AZƏRTAC 

Təmiz hava aylığı çərçivəsində SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər planına uyğun olaraq hər il olduğu kimi 2017-ci ilin avqustunda da respublika ərazisində “Təmiz hava” aylığı keçirilir. Tədbirdə fəal iştirak edən SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Ölçmə Mərkəzi Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq şirkət üzrə nəqliyyat vasitələrindən atmosferə atılan işlənmiş qazların miqdarının normalara uyğunluğunun yoxlanılması işlərini yerinə yetirir. İstismarda olan avtomobillərin yanacaq sistemləri tənzimlənir və daima saz vəziyyətdə saxlanılır.
“Təmiz hava” aylığı çərçivəsində Ekoloji Ölçmə Mərkəzinin əməkdaşları avqustun 14-dən beş gün müddətində Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin Bakı və Sumqayıt şəhərlərində istismar olunan nəqliyyat vasitələrini və xüsusi texnikaları yerində ekoloji müayinədən keçirmişlər və müayinələrin nəticələri müsbət qiymətləndirilib. SOCAR-ın balansında olan nəqliyyat vasitələrinin ekoloji müayinədən keçirilməsi işləri tərtib olunmuş qrafikə uyğun olaraq davam etdirilir.

Neft - qaz 2017-08-22 18:01:00