×
A
A
A
Sazlamalar

Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanan 123 abituriyent artıq qeydiyyatdan keçib

Bakı, 22 avqust, AZƏRTAC

2017/2018-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinin (BANM) bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin sənəd qəbulu davam edir. Belə ki, ali məktəbin tələbəsi adını qazanmış 136 abituriyentdən 123-ü artıq qeydiyyatdan keçib. Bu barədə AZƏRTAC-a BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ali məktəbdə abituriyentlərin qeydiyyat prosesinin həyata keçirilməsi üçün 11 nəfərdən ibarət işçi qrup yaradılıb. Avqustun 25-dək tələbələr müvafiq sənədlərini işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə bu onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək, onların qeydiyyatdan keçirilməsi haqqında məlumatlar Dövlət İmtahan Komissiyasına və qəbul haqqında əmrləri ali məktəblərə göndərilməyəcək.
Bu il BANM-in bakalavriat səviyyəsinə üç ixtisas üzrə tələbə qəbulu elan edilib. Birinci mərhələdə elan olunan yerlər 100 faiz dolub. Ali məktəbin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına minimal keçid balı 685-ə yüksələrək ölkə üzrə rekord göstərici kimi müəyyən olunub. Kimya mühəndisliyi və neft qaz mühəndisliyi ixtisaslarının minimal keçid balları da artıb, müvafiq olaraq 662 və 663 bal təşkil edib.
Qeyd edək ki, bu il birinci qrup üzrə 700 bal toplayan yeddi abituriyentin hamısı BANM-i seçib. Onlardan beşi proseslərin avtomatlaşdırılması mühəndisliyi, ikisi isə kimya mühəndisliyi ixtisaslarına qəbul olunaraq qeydiyyatdan keçib.

Elm və təhsil 2017-08-22 17:45:00