×
A
A
A
Sazlamalar

Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması işlərinə başlanılıb VİDEO

Qax, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qax Damazlıq İpəkçilik Stansiyasının yenidənqurulması işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli Sərəncamın icrası olaraq artıq Qax Damazlıq İpəkçilik Stansiyasının yenidənqurulması işlərinə start verilib. Tikinti və yenidənqurma işləri “Azəraqrartikinti” ASC-nin Zaqatala filialının kollektivi tərəfindən həyata keçirilir.
İş icraçısı Cavanşir Əhmədov AZƏRTAC-a bildirib ki, layihəyə uyğun olaraq stansiyanın ərazisində 4 bina - barama toxumunun hazırlanması üçün hər biri iki mərtəbədən ibarət 2 bina, barama qurdları ailələrinin yemlənməsi binası və inzibati bina inşa ediləcək. Artıq barama toxumunun hazırlanması üçün nəzərdə tutulan ilk binanın bünövrəsinin qazılmasına başlanılıb.
Bundan əlavə, stansiyasının ərazisində transformator yarımstansiyası, qazanxana binası, çirkab su anbarı, 100 kubmetrlik yanğın və 50 kubmetrlik içməli su anbarları və digər yardımçı tikililər inşa ediləcək, artezian quyusu qazılacaq.
Stansiyada Çin Xalq Respublikasından gətiriləcək ən müasir avadanlıq quraşdırılacaq. Stansiya istifadəyə verildikdən sonra burada super-elit, elit və hibrid barama toxumları yetişdiriləcək. Beləliklə, ölkəmizə xaricdən barama toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq.

Regionlar 2017-08-19 14:00:00

Video