×
A
A
A
Sazlamalar

Qazaxda üzüm yığımına başlanıb

Qazax, 19 avqust, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunda üzüm yığımına başlanıb.
AZƏRTAC xəbər verir ki, üzümçülüyün inkişafına dair dövlət proqramına uyğun olaraq son illər rayonda yeni üzüm bağları salınıb ki, artıq həmin bağlar məhsul verir. Ümumilikdə, rayonda bar verən 362 hektar üzüm bağı var. Əsasən torpaq mülkiyyətçiləri süfrə üzümünə üstünlük veriblər. Hazırda rayonda kardinal üzüm sortunun yığımına başlanıb.
Sahibkar, Hüseynbəyli kənd sakini Kamal Nəzərov AZƏRTAC–a bildirib: “3 hektara yaxın üzüm bağım var. Hazırda kardinal sortunun yığımına başlamışıq. Bir hektardan təqribən 10-15 ton məhsul gözləyirik. Təsərrüfatımızda Təbriz, Bolqar, Ağadayı, Kişmiş, Rakastel, Bayan və sair üzüm sortları da var. Gələcəkdə üzüm bağımın sahəsini 10 hektara çatdırmağı planlaşdırmışam.”
Yığılan üzüm hələlik daxili bazara göndərilir. Torpaq mülkiyyətçiləri üzümün indiki satış qiymətindən də razıdırlar. Bir çox hallarda elə yerindəcə satışı həyata keçirirlər. Kənd sakinləri də məhsul yığımında iştirak edirlər.

Kənd təsərrüfatı 2017-08-19 11:06:00