×
A
A
A
Sazlamalar

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatının ilk günündə səkkiz oyun keçirilib

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına qadınların yarışı ilə start verilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, qadınlardan ibarət komandalar iki, kişi həndbolçular isə bir dəfə meydana çıxmaqla, ümumilikdə səkkiz oyun keçirilib. Çempionatın açılış oyununda “İdman Akademiyası” komandası ilə qarşılaşan “Azəryol-2” klubu 23:17 hesabı ilə qalib gəlib. İlk yarış gününün digər oyunlarında “Azəryol-1” “Qarabağ”ı 41:9, “Nur” “Azərsu”nu 38:21 hesabı ilə məğlub edib.
Daha sonra Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçirilib. Tədbirdə EHF-in nümayəndəsi Tamas Neukum çıxış edərək çimərlik həndbolu və onun inkişafı haqqında iştirakçılara məlumat verib. Bununla yanaşı, Azərbaycanda çimərlik həndbolu ilə tanışlıq, həmin idman növünün hazırkı vəziyyəti, tətbiq edilən yeni qaydalarla bağlı fikir mübadiləsi aparılıb.
Seminardan sonra qadınlar arasında yarışlar davam etdirilib. “Azəryol-1” “Azəryol-2”dən 30:13, “Nur” “İdman Akademiyası”ndan 48:14, “Azərsu” “Qarabağ”dan 19:15 hesabı ilə üstün olub. Sonuncu matçın əsas vaxtı heç-heçə bitdiyindən komandalar “shoot-out”da qüvvələrini sınayıblar. Burada da qalib müəyyənləşmədiyindən oyun “qızıl qol”a qədər davam edib.
Qadınlar arasında matçlar bitdikdən sonra yarışın açılış mərasimi keçirilib. Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov çıxış edərək komandalara uğurlar arzu edib. Çimərlik həndbolu üzrə yarışın ikinci dəfə keçirildiyini qeyd edən O.Abbasov həm çempionat, həm də komandaların sayının artmasının həndbolun inkişafından xəbər verdiyini qeyd edib. Vitse-prezident həndbolun inkişafına göstərilən dövlət qayğısından danışaraq dövlətimizin başçısına minnətdarlığını bildirib. O, həmçinin gələn ayın sonları həndbol üzrə XXV Azərbaycan çempionatının keçiriləcəyini də diqqətə çatdırıb. Daha sonra çıxış edən Tamas Neukum da iştirakçılara uğurlar diləyib.
Açılış mərasimi başa çatdıqdan sonra kişi həndbolçular arasında oyunlar başlayıb. Kişilər arasında turun ilk qarşılaşmasında “Məhsul” komandası nominal ev sahibi kimi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərini qəbul edib və görüşdən 29:9 hesabı ilə qalib ayrılıb. Günün son matçında “Bakı” və “Təhsil” komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı keçən görüşün əsas vaxtı sülhlə bitib. “Shoot-out”a qədər davam edən qarşılaşma paytaxtın eyniadlı klubunun 21:20 hesablı qələbəsi ilə yekunlaşıb.
Ölkə çempionatı avqustun 20-dək davam edəcək.

İdman 2017-08-18 21:58:00