×
A
A
A
Sazlamalar

Bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatı keçirilib VİDEO

Bakı, 18 avqust, AZƏRTAC 

Avqustun 18-də bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və böyüklər yaş kateqoriyalarında yer alan 25 gimnast halqa, top, gürzlər və lentlə zövqlü musiqi və çətin elementlərin ahəngindən yaranan kompozisiyaları icra edərək medallar uğrunda mübarizə aparıblar.
Milli Gimnastika Arenasında keçirilən yarışın açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının baş katibinin müavini Nurlana Məmmədzadə deyib: “Artıq 24-cü dəfədir ki, müstəqil ölkəmizdə Azərbaycan çempionatını və gimnastikanın 2002-ci ildən yenidən qurulmasının 15-ci ildönümünü qeyd edirik. Bu dövrdə bədii gimnastikada olan inkişafın, idmançılamızın Avropa və dünya çempionu adına layiq görülməsinin, Olimpiya Oyunlarında iştirakının şahidi olmuşuq. Bu gimnastika bayramı münasibətlə iştirakçıları təbrik edir və ən güclülərin qalib gələcəyinə inanıram”.
Sonra bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatı açıq elan edilib.
Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Start” İdman Klubu, “Zirvə İnternational” İdman Klubu, eyni zamanda, Gəncə, Qusar və Kürdəmir təmsilçiləri ilə yanaşı, ölkəmizdə təlim-məşq toplanışında olan xarici idmançılar da maraqlı çıxışları ilə izləyicilərin qarşısına çıxıblar.
Beləliklə, yekun nəticəyə əsasən çempionatda gənclər arasında çoxnövlülük üzrə yarışın qalibi Darya Farşbafşahriyari olub. Nərminə Səmədova ikinci, Arzu Cəlilova isə üçüncü yerə layiq görülüb.
Böyüklər arasında Zöhrə Ağamirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Veronika Hudis ikinci, Tanaka Probert Aya isə üçüncü olub.
Qaliblər federasiya tərəfindən diplom, medal və hədiyyə ilə mükafatlandırılıblar.

İdman 2017-08-18 18:30:00

Video