×
A
A
A
Sazlamalar

Bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatına start verilib VİDEO

Bakı, 18 avqust, AZƏRTAC 

Avqustun 18-də bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatına start verilib. AZƏRTAC xəbər verir ki, gənclər və böyüklər yaş kateqoriyalarında yer alan 25 gimnast halqa, top, gürzlər və lentlə zövqlü musiqi və çətin elementlərin ahəngindən yaranan kompozisiyaları icra edərək, medallar uğrunda mübarizə aparacaqlar.
Milli Gimnastika Arenasında keçirilən yarışın açılış mərasimində Azərbaycan Gimnastika Federasiyası baş katibinin müavini Nurlana Məmmədzadə yarış iştirakçılarını salamlayıb. O deyib: “Artıq 24-cü dəfədir ki, müstəqil ölkəmizdə Azərbaycan çempionatını və gimnastikanın 2002-ci ildən yenidən qurulmasının 15-ci ildönümünü qeyd edirik. Bu dövr ərzində bədii gimnastikada olan inkişafın, idmançılarımızın Avropa və dünya çempionu adına layiq görülməsinin, Olimpiya Oyunlarında iştirakının şahidi olmuşuq. Bu gimnastika bayramı münasibətlə iştirakçıları təbrik edir və ən güclülərin qalib gələcəyinə inanıram”. Sonra o, bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatını açıq elan edib.
Yarışlarda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Start” İdman Klubu, “Zirvə İnternational” İdman Klubu, eyni zamanda, Gəncə, Qusar və Kürdəmir təmsilçiləri ilə yanaşı, ölkəmizdə təlim-məşq toplanışında olan əcnəbi idmançılar da maraqlı çıxışları ilə izləyicilərin qarşısına çıxacaqlar.

İdman 2017-08-18 14:26:00

Video