×
A
A
A
Sazlamalar

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq üzrə beynəlxalq turnir keçiriləcək

Bakı, 18 avqust, AZƏRTAC 

Azərbaycan Kikboksinq Federasiyasının, Gənclər və İdman Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq idman növünün K-1 üslubu üzrə peşəkarlararası beynəlxalq turnir təşkil ediləcək.
Bu barədə avqustun 18-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, yığma komandanın məşqçiləri və digərləri bildiriblər ki, turnir avqustun 19-da saat 19:00-da Sumqayıt şəhərindəki dənizkənarı bulvar ərazisində “Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı” şüarı ilə keçiriləcək.
Yarışla bağlı danışan federasiyanın rəhbərliyi qeyd edib ki, turnirdə Azərbaycanın 17, Gürcüstanın 2 və Pakistanın 1 idmançısı olmaqla, ümumilikdə, 20 peşəkar kikboksinq ustası reytinq döyüşlərində mübarizə aparacaq. Kikboksçular yeddi çəki dərəcəsində və beynəlxalq kikboksinq qaydalarına uyğun olaraq qələbə uğrunda yarışacaqlar.
Döyüşlər üç raunddan ibarət olacaq. Turnirdə 57, 60, 63, 67, 75, 86 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində yüksək ustalığa malik peşəkar kikboksçular mübarizə aparacaqlar.
Turnirdə, həmçinin K-1 üslubu üzrə dünya oyunları kəməri, Azərbaycan kəməri və Dünya Kikboksinq Təşkilatları Assosiasiyası-WAKO-PRO versiyası üzrə K-1 üslubunda qitələrarası kəməri uğrunda üç döyüş keçiriləcək.
Mətbuat konfransından sonra idmançıların çəkiölçmə mərasimi olub.
Turnirin keçirilməsində məqsəd kikboksinq idman növünün təbliği, gənclərin sağlam və milli ruhda yetişməsidir.
Xatırladaq ki, ötən il Sumqayıtda 28 May - Respublika Gününə həsr edilmiş kikboksinq üzrə peşəkarlar arasında turnir təşkil edilib. Bu ilin iyulunda isə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin idmançıları arasında keçirilən beynəlxalq kikboksinq turnirində Azərbaycan millisi birinci yerdə qərarlaşıb.

İdman 2017-08-18 12:15:00