×
A
A
A
Sazlamalar

“Qəbələ” futbol akademiyasının komandaları yeni mövsümə hazırlaşır

Bakı, 16 avqust, AZƏRTAC

“Qəbələ” futbol akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını davam etdirir. Akademiya 2017/18-ci il mövsümündə U-19, U-17, U-16, U-15 və U-14 liqalarında bir, U-13, U-12, U-11, U-10 liqalarında iki komanda ilə təmsil olunacaq. Həmçinin U-9 və U-7 komandaları da yay fasiləsinə son verib. Qəbələ şəhərinin təmsilçiləri məşqlərə avqustun 2-də start verib.
AZƏRTAC xəbər verir ki, akademiyada beş yeni məşqçi də fəaliyyətə başlayıb. Onlardan biri “Qəbələ”nin sabiq futbolçusu Əli İsmayılovdur. O, U-15-də baş məşqçi Rakif Əliyevin köməkçisi kimi çalışacaq. Futbolçu karyeralarını bir müddət əvvəl başa vuran Rüstəm Məmmədov U-11, Elnur İmanquliyev U-10 yaş qrupunda 1-ci komandaya baş məşqçi təyin edilib. Həmin yaş qrupları üzrə ikinci komandalarda da yeni məşqçilər çalışacaq. Gənc çalışdırıcılardan Azad Kərimov U-11, Teymur Həbibov U-10-da məşqçilik edəcək.
“Qəbələ”nin iki komanda ilə təmsil olunduğu yaş qruplarında U-13-də Namiq Əliyevlə Rafael Cəbrayılov, U-12-də Şəhruz Mustafayevlə Aqil Mirzəyev çalışacaq. Əvəzedici komandanın baş məşqçisi Elmar Baxşıyevə Azər Həşimov kömək edəcəksə, U-19-da Emin İmaməliyevə Şəhriyar Kərimli, U-17-də Famil Xəlilova Turxan Ümüdlü yardımçı olacaq. U-16-da Zaur Hacıyevin köməkçisi Rəvan Rəcəblidirsə, U-14-də Ülfət Mədətovla Sahil Nəcməddinov çalışacaq. Kiçik yaş qruplarından U-9 Anar Surxayevin, U-7 Fərid Məmmədlinin rəhbərliyi ilə məşqlərini gerçəkləşdirir. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Sahil Kərimov, Teymur Musayev, Elçin Rzazadə və Oruc Quliyev, həmçinin videotəhlil üzrə mütəxəssis Sərdər Qafarov da iştirak edir.

İdman 2017-08-16 00:26:00