×
A
A
A
Sazlamalar

Firdovsi Umudov: Hədəfimiz Parisdə bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir

Bakı, 15 avqust, AZƏRTAC 

Komandamız ilin əvvəlində Avropa çempionatında, Dünya Kuboku və IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etdi. Kislovodskda Olimpiya İdman Bazasında, Dağıstanda və Bakıda təlim-məşq toplanışları keçirdik. Həmçinin Gürcüstanda Vaxtanq Balavadzenin, Dağıstanda isə Əli Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə iştirak etdik. Bu yarışlarda uğur qazananları heyətə daxil etdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mətbuat nümayəndələri üçün brifinqdə sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov deyib.
Firdovsi Umudov il ərzində yaxşı hazırlıq keçdiklərini və dünya çempionatından sürprizlər gözlədiklərini bildirib: “Məşq proseslərimiz hər zaman yüksək səviyyədə təşkil olunub. Dövlətimiz, Azərbaycan Güləş Federasiyası tərəfindən hər cür şərait yaradılıb. Azərbaycan Güləş Federasiyasının bazası dünyada ən yaxşılardandır. Bu gün də hazırlığımızı burada davam etdiririk. Güləşçilərimiz il ərzində bazada qida və yataq yerləri ilə təmin olunublar. Qalanı idmançılarımızın öhdəsinə qalır. İnanıram ki, güləşçilərimiz qarşıdan gələn yarışlarda da uğurla çıxış edəcəklər. Mahir Əmiraslanov gənclər arasında dünya çempionu, İslamiadanın qalibidir. Hacı Əliyev Olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionudur. Ağahüseyn Mustafayev beynəlxalq turnirlərdə özünü yaxşı tərəfdən göstərib. Hacımurad Ömərov bu il 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub. Cəbrayıl Həsənov komandanın liderlərindəndir, Olimpiya mükafatçısı, Avropa çempionudur. Aleksandr Qostiyev Avropa çempionatının finalçısıdır. Aslanbek Alborovu iki turnirdə yoxladıq, ikisində də qızıl medal qazandı. Cəmaləddin Məhəmmədov zədəli olduğu üçün heyətdə yer almayıb. Hədəfimiz bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir. Proqnoz verməyi xoşlamıram. Yığmanın heyətində yetərincə tanınmış simalar var. Onlar ölkəmizi layiqincə təmsil edəcəklər. Dünya çempionatında heç kimə zəmanət vermək olmur. Sürprizlər də gözlənilir”.
Xatırladaq ki, güləş üzrə dünya çempionatı avqustun 21-dən 26-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

İdman 2017-08-15 17:22:00