×
A
A
A
Sazlamalar

Azərbaycan idmançıları Ulyanovskda keçirilən festivalda uğurla çıxış edirlər

Moskva, 15 avqust, AZƏRTAC

Rusiyanın Ulyanovsk şəhərində MDB Ölkələri Milli İdman Növlərinin Birinci Festivalı keçirilir. İlk yarışların yekunlarına əsasən, medalların ümumi sayına görə Azərbaycan idmançıları 3-cü yerdədir. Atletlərimiz 5 qızıl, 6 gümüş, 12 bürünc medal qazanıblar. Birinci yeri Rusiya, ikinci yeri isə Qazaxıstan idmançıları tuturlar. Ermənistan komandası cəmi bir gümüş medal əldə edə bilib. Festivalda MDB-yə üzv olan 10 ölkədən 350-yə yaxın idmançı 90 komplekt medal uğrunda mübarizə aparır.
Ulyanovsk şəhərinin “Volqa-Sport-Arena” stadionunda təşkil olunmuş təntənəli açılış mərasimində Birlik ölkələrinin milli mədəniyyətlərindən bəhs edən səhnəciklər təqdim edilib. Tədbirdə Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov, Rusiyanın idman naziri Pavel Kolobkov çıxış ediblər. Rusiya Prezidenti Vladimir Putinin iştirakçılara təbrik məktubu oxunub.
Festival iştirakçıları kanatçəkmə, sambo, güləş, şaşki, topla hokkey və digər idman növlərində güclərini sınayırlar. Azərbaycan festivalda geniş təmsil olunub. Komandamıza sambo üzrə dünya və Avropa çempionları daxildir. Avropa çempionatının gümüş medalçısı Emil Həsənov Ulyanovsk mətbuatına müsahibəsində bildirib ki, ölkəmiz yarışlarda güclü komanda ilə təmsil olunur. Bir müddət sonra komanda elə bu tərkibdə dünya çempionatı yarışlarına qatılacaq.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İdman 2017-08-15 13:22:00