×
A
A
A
Sazlamalar

Kriştianu Ronaldu arbitri itələdiyi üçün beş oyunluq cəzalandırılıb

Bakı, 15 avqust, AZƏRTAC 

Madrid “Real”ının lideri və FIFA-nın versiyasına görə, son illərin ən yaxşı futbolçusu Kriştianu Ronaldu İspaniya Superkubokunun ilk oyununda “Barselona” ilə qarşılaşmasında arbitri itələdiyi üçün beş oyunluq diskvalifikasiya edilib.
AZƏRTAC İspaniya Kral Futbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, portuqaliyalı futbolçu hakimi itələdiyinə görə dörd, qırmızı vərəqəyə görə bir oyun kənarlaşdırılıb. Bu cür cəza hazırda ölkə çempionatında da tətbiq edilir. Habelə Ronaldu 3 min avro, “Real” isə 1400 avro cərimə ödəməlidir. On gün ərzində qərardan şikayət edilə bilər.
Bazar günü “Real” qonağı olduğu “Barsa”nı 3:1 hesabı ilə məğlub edib. Matçın 57-ci dəqiqəsində komanda yoldaşlarından birini əvəz edən Ronaldu 80-ci dəqiqədə qələbə qolunu vuraraq fərqlənib. Daha sonra portuqaliyalı idmançı futbolkasını çıxardığı üçün sarı vərəqə alıb. O, üç dəqiqədən sonra simulyasiyaya görə ikinci sarı vərəqə alıb və meydançadan çıxarılıb. Kriştianu arbitrin qərarından hiddətlənib və onu kürəyindən itələyib.
İspaniya çempionatının reqlamentinə əsasən bu cür davranış nəticəsində futbolçu 4-12 oyunluq diskvalifikasiya edilə bilər.

İdman 2017-08-15 12:45:00