×
A
A
A
Sazlamalar

Qurban Qurbanov: Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq

Bakı, 14 avqust, AZƏRTAC

Çox vacib oyuna çıxacağıq. Matçın önəmini bilirik. Futbolçularımız məsuliyyəti dərk edirlər. Bizim üçün tanış olmayan bir tərzə malik komandaya qarşı çıxış edəcəyik. Ən yaxşı oyunumuzu meydanda göstərməyə çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.
Baş məşqçi deyib: “Bu matç Azərbaycan futbolu üçün önəmlidir. Danimarkanın komandasına qarşı Avstriyada yoxlama oyunu keçirmişik. Rəqib barədə məlumat toplamışıq. İntizamlı komandadır. Elə olmur ki, onların oyun sistemi pozulsun. Daim nəzarəti əllərində saxlayırlar. “Kopenhagen” ölkə çempionatında ardıcıl xal itirməsinə baxmayaraq çox böyük təcrübəsi var və bu, bizə hər an mane ola bilər. Əlimizdən gələni edəcəyik. Matçın gedişində bəzi dəyişikliklərə əl ata bilərik. Sabah futbolçularımız düzgün oyun qurmağa çalışacaqlar. Çempionlar Liqasının matçına çıxacağıq və onun himni səslənəcək. Belə çətin oyunlar çox olub və həmişə çalışmışıq ki, meydanı üzüağ tərk edək”.
“Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib: “Bizi asan oyun gözləmədiyini bilirik. Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbirli olmalıyıq. Öz gücümüzə inanmalıyıq, əsas budur”.
Xatırladaq ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:00-da başlayacaq.

İdman 2017-08-14 20:26:00