Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Dünya Taekvando Federasiyasının yeni reytinq cədvəlində  ilk onluqda dörd Azərbaycan taekvandoçusu var

Bakı, 11 avqust, AZƏRTAC

Dünya Taekvando Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, avqust ayı üçün tərtib olunan siyahıda yığmamızın dörd taekvandoçusu yer alıb. Aktivində 482,93 xalı olan “Rio-2016” Olimpiya Oyunlarının qalibi Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində ilk sırada yer alır.
Hesabında 460,96 xal olan dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə birincidir.
Altmış səkkiz kiloqram çəki dərəcəsində “Bakı-2017”nin və İslamiadanın çempionu 192,17 reytinq xalına malik olan Ayxan Tağızadə isə doqquzuncu pillədədir. Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) doqquzuncu yerdədir. Onun aktivində 211,53 xal var.
Qeyd edək ki, reytinq xalları Dünya Taekvando Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Taekvando qaydalarına görə 2020-ci ildə keçiriləcək Tokio olimpiadasına qədər reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olan idmançılar olimpiadaya birbaşa vəsiqə qazanırlar.

İdman 2017-08-11 18:20:00