×
A
A
A
Sazlamalar

Azərbaycanlı jurnalistlər Tbilisidə Dinamo stadionu və Zaza Paçulia Basketbol Akademiyasında olublar

Tbilisi, 10 avqust, AZƏRTAC

Tbilisidə jurnalistlər arasında ilk dəfə təşkil olunacaq boulinq turnirinin iştirakçıları Boris Payçadze adına Dinamo stadionunda olublar. İştirakçılar arasında azərbaycanlı jurnalistlərdən ibarət heyət də yer alıb.
AZƏRTAC xəbər verir ki, qonaqlar stadionda yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, stadion 1936-cı ildə inşa olunub, 1976-cı, 2006-cı və 2015-ci illərdə yenidən qurulub. Hazırda futbol üzrə Gürcüstan milli komandası və “Dinamo Tbilisi” klubu ev oyunlarını bu arenada keçirir.
Əlli beş min tamaşaçı tutumuna malik arena 2015-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edib. Həmin görüşdə “Barselona” və “Sevilya” komandaları qarşılaşıb və Kataloniya təmsilçisi 5:4 hesabı ilə qalib gəlib.
Daha sonra iştirakçılar Zaza Paçulia Basketbol Akademiyasına gəliblər. NBA-nın (Milli Basketbol Assosiasiyası) 2016-2017-ci il mövsümünün qalibi olan “Golden State Warriors”un heyətində çıxış edən gürcüstanlı basketbolçu Zaza Paçulia kuboku Tbilisiyə gətirərək akademiyada nümayiş etdirir.
Qonaqlara akademiyanın fəaliyyəti barədə məlumat verilib.


Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Tbilisi

İdman 2017-08-10 01:27:00