×
A
A
A
Sazlamalar

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Qax, 10 may, Mustafa Dadaşov, AZƏRTAC

Müasir tariximizin çox vacib bir dövrü, həmçinin bugünkü həyatımız Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunub. Heydər Əliyev tarixə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini, milli varlığın və şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran bir lider kimi düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Qax Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə mayın 10-da keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyevin məruzəsində bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Diqqətə çatdırılıb ki, Ulu Öndərin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qalıb.
Eyni zamanda, qeyd olunub ki, Prezident İlham Əliyev Ulu Öndərin ümidlərini doğruldub və ata vəsiyyətini şərəflə yerinə yetirib.
Vurğulanıb ki, qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır.
Məruzə ətrafında rayon prokuroru Rəşad Bəşirov, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Təhsil sektorunun müdiri Babək Heydərov və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova çıxış ediblər.
Çıxışlardan sonra YAP sıralarına yeni daxil olan üzvlərə vəsiqələr təqdim edilib.
Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən film nümayiş olunub.

Regionlar 2024-05-10 16:16:00